ABŞ əsgərləri Ermənistana niyə gəlir? – “Yerləşmənin konkret geosiyasi hədəfləri var”

“ABŞ əsgərlərinin Ermənistana gəlməsi və konkret zonalara yerləşməsi onu göstərir ki, Birləşmiş Ştatlar getdikcə daha ciddi mənada Ermənistanda yerləşməyə qərar verib və bu, davamlı bir prosesdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Siyasi təhlilçi ABŞ ordusunun bölmələrinin Cənubi Qafqaza gəlməsinin siyasi gərginliklərindən, habelə bunun region üçün təhlükələrindən söz açıb.

Onun sözlərinə görə, burada ən böyük təhlükə qonşu İran dövləti üçündür:

“Çünki birbaşa İran sərhədlərində ABŞ qoşunları həm müşahidə qurğuları, həm də kəşfiyyatçılar vasitəsilə bütün hərəkətləri qeydə alırlar. ABŞ heç bir coğrafiyada İran dövlətinə bu qədər yaxın olmamışdır. Bu gün, çox təəssüf ki, İranda bəzi güc mərkəzləri bun adekvat reaksiya vermək əvəzinə, özlərindən uyduraraq, guya İsrailin müəyyən qüvvələri və Azərbaycanda hərbi baza yerləşdirməsi ittihamı ilə bizi şərləmək istəyirlər”.

N. Miri diqqətə çatdırıb ki, İran tərəfindən bu məsələ ilə bağlı yayılan dezinformasiyalar heç cür anlaşılan deyil:

“Çünki bu gün təhlükə Azərbaycandan deyil, məhz Ermənistandan İrana qarşı yönəlib ki, bunu da edən qlobal güc olan ABŞ-dir. Bu, heç də zarafat deyil. Məsələnin ikinci tərəfi isə budur ki, sözügedən yerləşmənin konkret geosiyasi hədəfləri var. Burada zəif bənd olaraq Ermənistan seçilib və Ermənistan vasitəsilə ABŞ regionda güclənərək bütün Cənubi Qafqaza sirayət etmək siyasəti və planı ortada mövcuddur. Ancaq buradakı strateji planlaşdırmada yanlışlar da mövcuddur. Çünki Ermənistan hələ Cənubi Qafqaz demək deyil.

Əksinə, bölgədə ən zəif bənd Ermənistandır”.
“Ayrıca, Qərbin və Avropanın bölgəyə giriş qapısı hesab olunan Gürcüstan da bu gün ABŞ və digər Qərb ölkələri ilə ciddi fikir ayrılığındadır. Bu kontekstdə Gürcüstandakı parlament seçkilərinin də “isti” keçəcəyi gözlənilir. Ən nəhayət, regionun ən güclü və strateji ölkəsi olan Azərbaycanın maraqları var. Bu maraqlar isə nəzərə alınmadığı təqdirdə, ABŞ-nin bu siyasətinin nəticəsi sadəcə və sadəcə sıfıra bərabər olacaq. Çünki ABŞ-nin geosiyasi məqsədlərindən biri İrana yaxın olmaqla bərabər bir də Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqdır. Paralel olaraq, bir də regionda yeni başlayacaq alternativ nəqliyyat-kommunikasiya sistemləri mövcuddur ki, bu da Orta Dəhlizin Gürcüstan və Zəngəzur qolu istiqamətində ola bilər. ABŞ isə hər iki istiqamətdə özünün nəzarətini təmin etmək istəyir”, – deyə o, əlavə edib.

Politoloq yekunda qeyd edib ki, bütün bunların hamısı Azərbaycanın maraqlarının təminatı kontekstində mümkün olacaq variantlardır:
“Əks təqdirdə, belə bir plan iflasa uğrayacaq. Çünki bunlar zorla əmələ gələcək məsələlər deyil. Regionda çox güclü ölkə olan Azərbaycan, bütövlükdə Qafqaz və dünyanın güclü ölkələrindən biri Rusiya, eləcə də qonşu İran və Türkiyə kimi ölkələr var ki, bu cür düşmənçilik prosesində qeyri-iradə olaraq, Ermənistan əleyhinə konfiqurasiya yarada bilərlər. Belə olan təqdirdə, Ermənistanın bütün sahələr üzrə təhlükəsizliyini 10-15 min kilometrdən Cənubi Qafqaza gələn ABŞ ordusumu qoruyacaq?! Bu yanlış siyasətin fərqinə Ermənistan rəhbərliyi varmalıdır”.

Rafi Müslümov

COP29