“Amerika cəmiyyətinin aktiv təbəqələri regional və geosiyasi reallıqları nəzərə alaraq ABŞ-Azərbaycan münasibətlərinin inkişafını istəyir”.
Bu fikirləri ABŞ-ın istefada olan bir neçəı generalının Azərbaycana qarşı 907-ci düzəlişin ləğv edilməsinə yönəlik hökumətə müraciətini şərh edən politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, erməni lobbisinin israr ilə qəbul edilən məlum 907-ci düzəliş Azərbaycan-ABŞ münasibətlərinin inkişafında hər zaman bir “düyün nöqtəsi” olub:
“1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək aktı”na əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən düzəliş strateji tərəfdaşlıq münasibətlərinə kölgə salır. Azərbaycan təkcə ABŞ-la deyil, bütünlükdə NATO ilə daim əməkdaşlıq edib. Əfqanıstanda hərbi əməliyyatlar zamanı Azərbaycan ərazisindən tranzit kimi istifadə edilib. Azərbaycan Əfqanıstanda ABŞ-lə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən və oranı tərk edən sonuncu ölkələrdən biri olub.
Lakin biz ABŞ tərəfindən adekvat cavab almamışıq. 907-ci düzəlişin hələ də ləğv edilməməsi ABŞ-ın münasibətlərdə səmimi olmadığını göstərir. Xatırladaq ki, indiki prezident Co Bayden də düzəlişin qəbulunda fəal rol oynamış siyasətçilərdən biridir. 32 ildir, bu düzəlişi qüvvədə saxlayırlar. Düzəlişin ləğv edilməsi ilə bağlı məsələ dəfələrlə ABŞ Konqresində qaldırılıb və müzakirə olunsa da, hələ ki ləğv edilməyib. Bu düzəliş 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılır. Lakin bunun bir sonu olmalıdır.
İndi ABŞ tərəfi iddia edir ki, Azərbaycan bu ölkə ilə müəyyən görüşlərdən və danışıqlardan imtina edir. Təbii ki Azərbaycan haqlı olaraq münasibətlərin aydınlaşmasını istəyir. Bu düzəlişi ləğv etmək ABŞ tərəfindən atılan səmimi addım olardı. Lakin biz hələ də ABŞ-ın siyasi mühitində ermənipərəst konqresmenlərin fəallıqlarını və ABŞ-ın xarici siyasətinə diqtəsini müşahidə edirik. Konqresin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan “S.3000” qanun layihəsini təsdiqləyib. Qanun Azərbaycanla bağlı 907-ci düzəlişi dayandırmanın qadağan olunmasını ehtiva edir.
Təbii ki bu, dost, strateji tərəfdaşlıq münasibəti deyil. Amerikalı generalların Azərbaycana qarşı 907-ci düzəlişin ləğv edilməsi barədə hökumətə müraciəti müsbət tendensiyadır. ABŞ cəmiyyətinin ölkə siyasətçilərindən fərqli düşündüyünün qənaətindəyəm. Təəssüf ki, ABŞ siyasətçilərinin bir çoxu erməni lobbisinin təsiri altındadır, ona görə də qərarları verərkən, bu təsir hiss olunur. Cəmiyyət isə fərqli düşünür.
Bu baxımdan, müraciəti müsbət dəyərləndirmək lazımdır. Azərbaycan dünyada baş verən müharibələr və qlobal enerji təchizatı fonunda, nəqliyyat-logistika xəritəsində önəmli yerlərdən birini tutur. Digər tərəfdən, 907-ci düzəliş üçün bəhanə olan Ermənistan-Azərbaycan münasibətləri artıq yeni bir kontekstdədir. İşğal faktı Azərbaycanın öz gücü hesabına aradan qaldırılıb və sülh müqaviləsinə çox yaxınıq. Düşüncəli insanlar, Amerika cəmiyyətinin aktiv təbəqələri regional və geosiyasi reallıqları nəzərə alaraq ABŞ-Azərbaycan münasibətlərinin inkişafını istəyir. 907-ci düzəlişin ləğvi bu istiqamətdə əsas addımlardan biridir”.
Nəsimi Ələsgərli