ABŞ-nin İsrailə hücuma hazırlaşan İranı sakitləşdirmək üçün Haniyənin qətlində əli olduğu güman edilən 10 Mossad agentinin adını Tehran rəhbərliyinə verdiyi iddia edilib.
Yenicag.az “Fox News”a istinadən xəbər verir ki, ötən həftə ABŞ heyətinin Türkiyə üzərindən İrana getdiyi və HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə bağlı İran rəsmiləri ilə iki saatlıq görüş keçirdiyi bildirilib.
Məlumatda nümayəndə heyətinin ABŞ-nin Haniyə sui-qəsdi ilə bağlı məlumatı olmadığını Tehran rəhbərliyinə çatdırdığı iddiası da yer alıb.
Xəbər trendə çevrildikdən sonra “Fox News” onu efirdən çıxarıb.
ABŞ Milli Təhlükəsizlik Şurası da bu iddiaları təkzib edib. İsrail mətbuatına danışan ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü “Bu, tamamilə yanlışdır” deyib.
İran HƏMAS lideri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda öldürülməsində İsraili günahlandırıb və qisas alacağına and içib. İranın İsrailə cavabı gözlənilsə də, artan gərginlik Yaxın Şərqdə regional müharibə ilə bağlı narahatlığı artırır./unikal