Birləşmiş Ştatlar Sakit Okeanda Rusiya və Çinə açıq meydan oxumaqdadır.
ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “MakKempbel” hərbi gəmisi dekabrın 5-də Yapon Dənizində Rusiyanın iddia etdiyi əraziyə daxil olaraq, Moskvanı ciddi faktla üz-üzə qoyub. Birləşmiş Ştatların Hərbi-Dəniz Qüvvələrinin Sakit Okean üzrə donanmasının sözçüsü, leytenant Reyşl MakMar ( Rachel McMarr) bununla bağlı bəyanat verərək, bu addımın səbəblərini göstərib:
“Böyük Pyotr Körfəzinin yaxınlığına doğru üzən “MakKempbel” hərbi gəmisi ABŞ, eləcə də digər dövlətlərin həmin sularda hərəkət hüquqlarını əsas gətirərək, Rusiyanın bu sularda böyük iddialarına qarşı dayanmağa gəlib”.
MakMar raketlə yüklənmiş “MakKempbel” hərbi gəmisinin Yapon Dənizinə istiqamətlənməsini “azad dənizçilik əməliyyatı” adlandırıb. Beynəlxalq dəniz hüququna görə, 12 dəniz mili məsafəsində yerləşən dövlətlər Yapon Dənizinin sularından suveren istifadə etmək hüquna malikdirlər. Rusiya isə özünün Sakit Okean hərbi-dəniz donanmasının yerləşdirildiyi Böyük Pyotr Körfəzinin bütün ərazisinə iddia edir.
Beynəlxalq hüquq nəyə icazə verir?
MakMar deyir ki, “ABŞ-ın Hind və Sakit okeanlarda yerləşdirilmiş hərbi-dəniz qüvvələri plan əsasında xidmətini davam etdirir. Beynəlxalq qanunlar ABŞ-a həmin ərazilərdə hərbi aviasiyadan və donanmadan istifadə hüququ verir. Bu hüquq ABŞ hərbi donanmasının Yapon Dənizində sərbəst hərəkətinə də şamil olunur”.
Bundan başqa, ABŞ Böyük Pyotr Körfəzində olduğu kimi, Cənubi Çin Dənizindəki Sprat adaları ətrafındakı Çinin iddia etdiyi Qaven və Conson sularına da hərbi gəmilər yeridib. Sprat kiçik adalar qrupu və mərcanlarla dolu sulardan ibarət olan Cənubi Çin Dənizində Vyetnam və Borneo arasında yerləşir. Sprat adaları Çin, Tayvan, Vyetnam, Filippin və Malayziya ərazi mübahisələrinin predmetidir.
“MakKempbel” hərbi gəmisinin Böyük Pyotr körfəzinə yeridilməsi ABŞ və Rusiya münasibətlərindəki gərginliyin artacağına dair ehtimalları daha da gücləndirir.
Karla Bab (Carla Babb)
“Voice of America – VOA”