“İstər ABŞ, istərsə də Avropa İttifaqı (Aİ) tərəfindən hazırlanan bu siyahılar Azərbaycana qarşı qərəzli xarakter daşıyır. Mən demirəm ki. Azərbaycanda problem yoxdur və hər şey əladır, yox, lakin bu problemlər Avropanın özündə – Almaniya, Fransa, Böyük Britaniya və digər ölkələrdə mövcuddur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu deyib.
O, bir qrup ABŞ konqresmeni tərəfindən bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim edilməsi ilə bağlı planlaşdırılan siyahıdan danışıb.
R. Kərimoğlu əlavə edib ki, burada hər zaman Azərbaycanı hədəf götürürlər:
“Niyə? Çünki bizdən umacaqları var və onları ala bilməyəndə belə siyahılar ortalığa çıxır, eləcə də Avropa, BMT və digər səviyyələrdə müzakirələr, qətnamələr və qərarlar qəbul edilir. Bunların hamısı şər-böhtan və qərəzlidir. Onlar bizdən istədiklərini ala bilməyəndə başlayırlar təzyiqə”, – deyə o bildirib.
Jurnalist vurğulayıb ki, ABŞ-nin bu siyahıları Prezident İlham Əliyev Rusiyada səfərdə olanda ortaya çıxıb:
“Bu, ABŞ-dən bizə mesajdır ki, Azərbaycan niyə Rusiya ilə münasibət qurur? Baykal-Amur magistralının (BAM) tikintisində nə qədər azərbaycanlı iştirak edib və bununla bağlı yubiley tədbiri keçirilirdi. Bununla bağlı dövlət başçısını Moskvaya dəvət etmişdilər ki, o da, öz növbəsində, getdi və iştirak etdi. Ümummilli Lider Heydər Əliyevin də BAM-ın tikintisinə böyük töhfəsi olub. Ona görə də buraya cənab Prezidenti dəvət etdilər”.
O, söyləyib ki, məhz həmin ərəfədə bu siyahı ortaya çıxdı, çünki Azərbaycan həmişə hər hansı bir uğura imza atan kimi, erməni lobbisi əlaltından işləyərək dünyanı üstümüzə qaldırır:
“O cümlədən qəhrəman generalımız Hikmət Mirzəyevlə bağlı olanlar da qərəzlidir. Hikmət Mirzəyev peşəkar hərbçidir, general-polkovnikdir, Xüsusi Təyinatlı Qüvvələrin komandanı olub, indi isə müdafiə nazirinin müavinidir. Hikmət Mirzəyev heç bir cinayət törətməyib. Sadəcə olaraq, bu işdə erməni əli var, ona görə ki, Hikmət Mirzəyev erməninin düşmənidir. O, ədalətin, haqqın, həqiqətin bərqərar olması üçün çalışan-vuruşan bir generaldır. Ermənilərin məğlubiyyətində Hikmət paşanın, onun yetirdiyi xüsusi təyinatlıların böyük xidməti və danılmaz vəziyyəti var. Ona görə də onun adını bu siyahıya salıblar.
Sözügedən siyahıda tək onun yox, başqa adamların da adı var. Bu proses Azərbaycana qarşı yönəlmiş ikili standartlardan başqa bir şey deyil. Bütün ordu onu sevir, Azərbaycan ordusunda Hikmət paşaya sayğısı, sevgisi və hörməti olan əsgər yoxdur. O cümlədən, xalqımız onu sevir. Bu, erməninin işidir və onlar belə siyahıları təşkil edib oraya günahsız insanların adını salırlar”.
Rafi Müslümov