ABŞ-ın demokratiya “hədiyyəsi” – Və yaxud xarabalığa çevrilən şərq-Təhlil

azerrrII Dünya müharibəsindən sonra Amerika Birləşmiş Ştatları öz imperiyasının sərhədlərini genişləndirmək üçün yeni ideoloji əsaslar axtarmağa başladı. Artıq ötən əsrin 70-80-ci illərində yeni qlobal imperiyanın ideoloji üfüqlərinin ABŞ-ın siyasi dairələrində müzakirə olunmasına start vermişdi. Bu zaman onlar, əsas etibarilə, ABŞ-da “Siyasi realizm”in banisi sayılan Hans Morgentaonun güc nəzəriyyəsinə istinad edirdilər. Bu nəzəriyyə ABŞ cəmiyyətində o qədər aktuallaşdı ki, o, intellektual hərbi-siyasi dairələrin əsas mövzusuna çevrildi. Beləliklə, həmin dövrdə yeni qurulacaq imperiyanın sərhədləri və onun gətirəcəyi dividendlər müəyyən olunmağa başlandı. Və ABŞ siyasi elitasının düşüncəsində “Siyasi realizm” məktəbinin ideyaları daha da gücləndi. Bu məktəbin davamçıları olan Kennan, Tomson, Marşall, Hallen, Şuman kimi tədqiqatçıların irəli sürdüyü ideya və nəzəriyyələr yenidən aktuallıq kəsb etdi.

Ötən əsrin 80-ci illərindən başlayan bu siyasi macəra gələcəkdə ABŞ-ın, daha çox isə dünyanın başına bəla olacaqdı. Ümumiyyətlə, bu dövrdə aparılan polemikalarda, həmçinin, ingilisdilli ədəbiyyatda dövlət və millət anlayışları eyniləşdirilməyə başlandı. Əgər nəzərə alsaq ki, dövlət millətin siyasiləşmiş forması kimi qəbul edilir, o zaman görəcəyik ki, bu dövrdə irəli sürülən tezislər həm sosioloji düşüncənin əsaslarını ciddi şəkildə dəyişdirdi, həm də millət-dövlət məsələsində yeni qavrama – düşüncə tərzi meydana gətirdi. Bu prosesdə Birləşmiş Ştatların gələcəkdə həyata keçirəcəyi xarici siyasət strategiyasının əsas konturları meydana çıxırdı. Beləliklə, sonradan bəşəriyyətin şahidi olacağı çox böyük dramatik hadisələrin təməli atılmağa başlayırdı.
“Siyasi realizm” modeli əsas olaraq 3 tezisdə öz əksini tapır. Birincisi, “politika status” tezisidir. Onun məzmununu təşkil edən əsas ideya milli dövlətin beynəlxalq əlaqələr sistemində öz təsirini saxlaması və gücləndirməsidir. İkinci tezis “imperialist siyasət” adlandırılır. Bu anlayışın məzmunu isə dövlətin xarici siyasətdə təsir dairəsinin genişləndirilməsi və beynəlxalq münasibətlərdəki mövcud tarazlığı öz xeyrinə dəyişməsindən ibarətdir. Üçüncüsü isə, “prestij siyasəti” adlanır. Bu da dövlətin öz mövqeyini beynəlxalq aləmdə qorumaq üçün güc nümayiş etdirməsidir. Məhz bu 3 tezis XX əsrin 80-ci illərindən sonra Amerika Birləşmiş Ştatlarının yeni dünya siyasətini müəyyənləşdirən əsas konseptual mənbələr idi.

ABŞ: imperialist imperatorluq

Məhz bu kontekstdə baş verən siyasi kataklizmlər sonrakı mərhələdə ikiqütblü dünya siyasi sisteminin pozulmasına – SSRİ və onun hərbi bloku kimi səciyyələndirilən Varşava Müqaviləsi Təşkilatının dağılmasına gətirib çıxardı. Dünya siyasətində baş verən bu böyük hadisə ABŞ-ın xarici siyasətində yeni perspektivlər açmağa başladı. Növbəti mərhələdə gələcək dünya siyasətinin formalaşması ilə bağlı yeni strategiyaların hazırlanmasına start verildi. Bu kontekstdə ABŞ hərbi-siyasi elitasında müzakirə olunan əsas məsələlərdən biri ondan ibarət oldu ki, Birləşmiş Ştatların gələcəyi necə olacaq: ABŞ imperiya, imperialist dövlət, yoxsa imperialist imperatorluq olacaq? Buna paralel olaraq bəhs olunan terminlərin məzmunu və onun gələcək dünya siyasətinin formalaşmasına verəcəyi istiqamətlər dəqiqləşdirilməyə başlandı. İlk növbədə, müəyyənləşdirildi ki, Birləşmiş Ştatlar üçün ən məqbul model imperialist imperatorluqdur. İmperialist imperatorluğun imperiya və imperialist dövlətdən fərqi odur ki, bu dövlət özünün hakim olduğu inzibati-siyasi sərhədləri daxilində həm də milli dövlət keyfiyyəti daşıyır. Amerika ideoloqları milli dövlətin hansı qüdrətə sahib olduğunu, nə qədər ciddi təməllərə söykəndiyini nəzərə alaraq bu yeni düşüncəni mənimsədilər. Çox keçmədən ABŞ imperialist imperatorluq keyfiyyətində dünya siyasətində aktiv rol oynamağa başladı.

Bu dönəmdə həyata keçirilən siyasət bir sıra yeni nəzəriyyələrlə müşayiət olunurdu. Bunların bir qismi dialoq və iqtisadi, mədəni-mənəvi intellektual istismarı nəzərdə tuturdusa, digəri qarşıdurma, terror, xaos və münaqişəni təbliğ edirdi. Bəşəriyyətin taleyi ABŞ-ın bu iki istiqamətdən hansını seçməsindən böyük dərəcədə asılı olacaqdı. Təəssüf ki, Birləşmiş Ştatlar “pislər içərisindən ən pisi”ni seçdi. Beləliklə, XX əsrin 90-cı illərindən sonra Qərb yarımkürəsində baş verən hadisələr göstərdi ki, ABŞ milli dövlətlərin sonunu gətirəcək münaqişə və müharibələrə başladı. Bu müharibələr həm hərbi gücün tətbiqi, həm də müxtəlif dəyər və ideologiyaların istismarı ilə həyata keçirildi. Bunun ən bariz nümunəsini Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” nəzəriyyəsi və onu reallaşdıran ABŞ siyasətində gördük. Birləşmiş Ştatlar Şərqi Avropa və Balkanlarda “Qlobal Balkanlaşdırma” siyasəti həyata keçirməyə başladı. Bu siyasətin mahiyyəti Balkanlarda dini-etnik müstəvidə, yaxud siyasi keçmişləri etibarilə fərqlilikləri olan toplumlarda yeni dövlətlər yaratmaq idi. Əlbəttə, burada “dövlət” anlayışından şərti olaraq istifadə edirik, çünki onları dövlət kimi – milli siyasi iradənin təmsilçisi qismində səciyyələndirmək olduqca çətindir. Bu coğrafiyada müxtəlif metod və üsullarla həmin xalqların milli dövlət qurmaq hüquqları əllərindən alındı. Beləliklə, “beşinci kolon” nümayəndələri “demokratiya”, “insan hüquqları” kimi ideyaları istismar edərək həmin ərazilərdə hakimiyyətə gəldilər. Çox keçmədi ki, Birləşmiş Ştatların bu siyasəti öz bəhrəsini verdi və biz Balkanlarda artıq “milli dövlət” deyil, idarə olunan müxtəlif subyektlərin yaradıldığının şahidi olduq. Bununla da Şərqi Avropada yeni siyasi coğrafiya və inzibati-siyasi sərhədlər müəyyənləşdirildi. Bu sərhədlər içərisində qeyri-əxlaqi və qeyri-insani proseslər müşahidə edilməyə başlandı. Bəlkə də, ilkin mərhələdə ABŞ həyata keçirdiyi bu siyasətin gələcək uğurlarına inanmırdı, amma bu nəhəng güc mərkəzi qısa zaman müddətində Şərqi Avropada öz hegemonluğunu təmin edə bildi.

Elə tarixi faktlar göstərir ki, ABŞ imperialist məqsədlərinə çatmaq üçün həmişə bütün iyrənc vasitələrdən istifadə edib. Bu siyasət ayrı-ayrı ölkələrin suverenliyinin məhdudlaşdırılmasına xidmət etməklə qlobal nəzarətin ələ alınmasına hesablanmışdı.

ABŞ imperializmi: bu gün

“Təkqütblü dünya nizamı” formalaşdırılan zaman belə bir aldadıcı fikir formalaşdırıldı ki, ABŞ hökmranlığı altında olan xalqların hüquq və azadlıqlarının müdafiəçisi qismində çıxış edəcək. Amma, bu, belə olmadı. “Demokratiya”, “insan hüquqları” kimi ideyalar yenə də istismarçı vasitə kimi çıxış edərək xalqlara, bütövlükdə, bəşəriyyətə qarşı yönəlmiş təhlükə mənbəyinə çevrildi. Elə bu dövrdə də Birləşmiş Ştatlar qələbə eyforiyasına qapıldı və biz bir sıra ABŞ ideoloqlarının bu kontekstdə hegemonluq fəlsəfəsinə söykənən fikirlərinin şahidi olduq. Məsələn, Z.Bjezinski “Seçim: dünya hökmranlığı və ya qlobal liderlik” əsərində yazırdı: “ABŞ-ın dünyanı idarə etmək rolunu etiraf etmək zəruridir… Dünya paytaxtı yaranıb… dünya tarixində ilk dünya paytaxtı… Nə Roma, nə Qədim Pekin – regional imperiyaların keçmiş paytaxtları… qlobal güc və qərarların qəbul edilməsi imkanları baxımından… Vaşinqtonun mərkəzi hissəsinin sahib olduğu qüdrətə malik deyildirlər…”.

Demokratiya və insan hüquqları “Yeni Roma”nın ən yeni silahları kimi

Bu zaman “silah” kimi istifadə olunan başlıca vasitələrdən biri demokratiya və insan hüquq və azadlıqları idi. Çox qəribədir ki, istismarçı demokratiya və insan haqları kimi cəlbedici ideyalar həmin xalqlara bir növ müxtəlif aksesuarlarla bəzədilmiş “ritmik melodiyalar” kimi təqdim olunurdu. Yaxın Şərq və şimali Afrikada baş verən hadisələrə “ərəb baharı” adı verildi. Bu əslində, yerli xalqların milli düşüncələrinin manipulyasiyası idi. Klassik Şərqdə ola bilsin ki, kimsə demokratiyanı mənimsəməyi, bu dəyəri qəbul etməyi bəlkə də zəruri hesab etmirdi, amma bu model həmin xalqlara “ərəb baharı” kimi təqdim olunduğuna görə cəlbedici görünürdü. Beləliklə, ABŞ olduqca böyük uğurla bu “dəyərlər” vasitəsilə manipulyasiya edərək ölkələrin ərazilərini əslində işğal etdi. Bu ölkələrin milli sərvəti olan karbohidrogen və intellektual ehtiyatlarına, eyni zamanda, əhali ehtiyatlarına nəzarəti tam ələ keçirdi.
Bundan başqa, Şərqi Avropada “qlobal balkanlaşdırma” başa çatdıqdan sonra postsovet məkanında yeni rəngli inqilablar erasının başlanması üçün ABŞ qara düyməni basdı. “Qərənfil”, “qızılgül” inqilabları və s. inqilablar adı altında postsovet məkanında ərazilərə nəzarət uğrunda mübarizəyə girişdi, çox asanlıqla nailiyyətlər əldə edə bildi. Əlbəttə ki, bu məkanda Yaxın Şərqdə olduğu kimi enerji resursları yox idi. Ancaq burada məqsəd enerji resurslarının ən böyük ehtiyatçısı kimi çıxış edən, dünyanın ən böyük ölkəsi olan Rusiya Federasiyasını rəngli inqilablar vasitəsilə mühasirəyə almaq idi. Biz Gürcüstanda, Ukraynada, Qırğızıstanda müxtəlif rəngli inqilabların həyata keçirildiyinin şahidi olduq. Məqsəd aydın idi: Rusiya Federasiyasında mövcud olan, Sibirdən başlayaraq Dunaya qədər olan böyük ərazidə olan ehtiyatların hamısını nəzarətə götürmək və ABŞ-ın imperialist maraqlarına tabe etmək. Bu azmış kimi Barens dənizi və Arktika hövzəsində qlobal iqlim dəyişikliyi prosesində baş verən hadisələr nəticəsində ortaya çıxan neft ehtiyatlarına nəzarəti həyata keçirmək üçün strateji mövqe qazanmaq hədəflənirdi. Beləliklə, gözümüzün önündə yeni bir imperiya-ABŞ imperiyası meydana çıxdı. Bu proses ABŞ daxilində müxtəlif səviyyələrdə ciddi götür-qoy edilir. Vaxtaşırı xarici siyasətə müxtəlif korrektələr edilirdi.

Bu uğurlar demokratiyanı, insan hüquqlarını və eyni zamanda, “5-ci kolon” kimi səciyyələndirdiyimiz kolonların nə qədər effektli silah olduğunu ortaya qoydu. Getdikcə iştahası artan ABŞ ən müxtəlif ölkələrdə özünün “5-ci kolon”larını yaratmağa başladı. Bu “5-ci kolonlar”, guya, demokratiyanı, vətəndaş cəmiyyətini formalaşdıran təşkilatlar kimi təqdim olundu. Amma bunlar, əslində, sırf ABŞ-ın “5-ci kolon”u və yaxud milli dövlətlərin qalasının içərsinə yeridilmiş “troya atı” yaxud, hərbi-siyasi şəbəkələr idi. Bu şəbəkələrdən ABŞ olduqca effektiv istifadə etdi və təsadüfi deyil ki, hələ 2005-ci ildə tarixçi Con Lyüs Heddis açıq şəkildə qeyd edirdi ki, “ABŞ dünyanın hər bir ölkəsində daxili və xarici siyasəti idarə etmək iddiasını inadla davam etdirir. Müasir anlamda bu, məhz imperiya deməkdir. Biz konkret olaraq imperiyayıq və imperiyadan da artığıq və bizim dünyada qlobal rolumuz var”. Hesab edirik ki, bu, tarixçinin ABŞ siyasətini təsvir edən ən dürüst fikirləridir. “Standart Uikli” nəşrinin redaktoru Uilyam Kristol isə deyir: “Kim demək istəyirsə ki, biz imperiyayıq, olsun – biz nəhəng imperiyayıq”.

ABŞ işğalı Əfqanıstana və dünyaya nə verdi?

1979-cu ildə SSRİ ABŞ-ın dolayı təhriki ilə heç bir tutarlı əsas olmadan Əfqanıstana hücum etdi. 10 il mənasız qırğından sonra 1989-cu ildə sonuncu sovet əsgəri bu ölkəni tərk etdi. Cəmi 12 il sonra – 2001-ci il oktyabrın 7-də isə ABŞ və müttəfiqləri məlum “11 sentyabr- Ben Laden” bəhanəsi ilə əfqan torpaqlarına qoşun yeritdi…

Əfqanıstan savaşı Amerika tarixində ən uzunmüddətli müharibə hesab edilir. Bəs bu illər ərzində ABŞ nəzərdə tutduğu məqsədlərə çata bildimi? Ağ Ev özü nə qazandı və Əfqanıstan xalqına, bütövlükdə ağası hesab etdiyi dünyaya nə verdi? 13 il davam edən amansız savaşda rəsmi rəqəmlərə görə, 21 min dinc insan, 2.316 amerikalı hərbçi ölmüş, 17.674 hərbçi isə yaralanmışdır.
2012-cu ildə Əfqanıstanda 210 min Amerika əsgəri olub ki, bu da bütün bu illər ərzində ən maksimal göstəricidir. 2014-cü ilin əvvəllərindən ordunun bir hissəsi Amerikaya qaytarılsa da, hələ də 38 min əsgər Əfqanıstan ərazisindədir. “Sarsılmaz azadlıq” əməliyyatı tamamlanmayana kimi bu əsgərlərin orada qalacaqları bildirilir.

Əfqanıstan mediasının məlumatlarına görə, ABŞ 14 illik Əfqanıstan müharibəsi dövründə 1 trilyon dollardan çox pul xərcləyib və bu pul da amerikalı vergi mükəlləflərindən əldə edilib. Hazırkı əfqan hökuməti də hər il 15 fevral tarixini- son sovet əsgərinin Əfqanıstanı tərk etdiyi günü Milli Qurtuluş günü kimi qeyd edirlər. Bəs ABŞ-ın guya ölkədə sülh yaratmaq missiyası ilə Əfqanıstana müdaxilə etdiyi 7 oktyabr günü tarixdə necə qalacaq?..
O vaxt sovet qoşunlarına qarşı mübarizə aparan mücahidlərin sırasında olmuş, yazar Vahid Muzda yazır: “O vaxtı da ruslar çöl ərazilərdə müqavimətlə üzləşmişdilər. Bu gün də eyni şey təkrar olunur. Amerikalılar buralara gəldiyi zaman kəndlərdəki insanları qazanmaları gərəkdiyini anlamadılar. Bu gün, o zamanlar Sovet İttifaqının qarşılaşdığı bir partizan hərəkatı davam edir”.

Qərbin iyrənc anti-İslam planı: Faktlar və Etiraflar

İslam dünyası Qərb tərəfindən xarabazara çevrilir. İraq və Əfqanıstandan sonra Liviya, Suriya, Misir Qərb müstəmləkəsinin qurbanına çevrildilər. İşğal altında olan müsəlman dövlətlərində vəziyyət o dərəcədə facivəidir ki, Avropa və Amerika mediası da blokun soyqırım siyasətini pisləmək məcburiyyətində qalıb. Müttəfiqlərin hücumlarına qarşı müqavimət hərəkatı müsəlmanlara terrorçu libası geyindirib. Qərbdə terrorçu deyəndə ağıla gələn ilk kimlik müsəlmanlardır. Orada “müsəlman” sözü artıq “terror” sözünün sinonimi kimi qəbul edilib. Halbuki İslam daxilində yaradıldığı iddia edilən terror təşkilatları Qərb tərəfindən dinin özünə qarşı yaradılıb. Bu heç kəsə sirr deyil. Almaniyanın tanınmış siyasətçisi Yurgen Todenofer isə “Düşmənimiz İslam” (“Feindbild Islam”) adlı kitabında Qərbin müsəlmanlara qarşı açıq düşmənliyindən bəhs edir. Todenofer yazır ki, Qərb müsəlmanları İslamı bilmədiyi üçün ittihamsız qırır: “Müsəlmanlar 50 ildən çoxdur ki, Qərb mediası və ölkələri tərəfindən ortaya atılmış şaələrə görə utanırlar. Məsələ ancaq utanmaq olsaydı, yaşamaq olardı. Lakin hər gün Əfqanıstan və İraqda minlərlə, yüzlərlə müsəlman Qərb müstəmləkəsinin qurbanına çevrilir”. Yurgen Todenofer Qərbi İslami terror təşkilatlarında da qəddar olduğunu yazır. Fransız tarixçisi Aleksis de Tokvill “Amerikada demokratiya” kitabında yazır ki, qərblilər müsəlmanlarla eyni olmadığını düşünür və onları qırırlar.

Fransız zabitin dəhşətli etirafları

Oliver Le Kur Qrandmenson Qərbin son 200 ildə müsəlmanlara qarşı öz düşüncəsi çərçivəsində hərəkət etdiyini deyir: “Müstəmləkə dövründə müsəlman ərəblər qərblilər tərəfindən heyvan kimi ovlandılar. Müstəmləkəçilərin “mədəniyyət” gətirmək istədikləri yerlərdə istifadə etdikləri bir üsulları vardı: Yerlə-yeksan etmək, ovlamaq və terror törətmək”. Fransız polkovnik Lusiyan Fransua de Montqnac 1842-ci ildə Əlcəzairdən yazdığı məktubunda qeyd edir: “Öldürürük, boğuruq. Ölənlərin çıxardıqları səslər böyürən və mələşən heyvanların səslərinə oxşayır. Qadınlara nə etdiyimizi soruşursunuz. Bir neçəsini girov kimi tuturuq. Digərlərini atlarla dəyişirik. Digərilərini isə qoyun-keçi kimi satırıq. Bəzən də mənfi hisslərdən azad olmaq üçün başlarını kəsirik. Bunlar heyvan başları deyil, insan başlarıdır”. Fransız yazıçı Luis de Dadisior Əlcəzairdə baş verən dəhşətlərdən yazarkən deyirdi ki, bir əsgər sırf zövq üçün bir qadının sinəsini kəsdi, başqa bir əsgər isə uşağı hamilə qadının bətnindən uşağı çıxarıb başını divara çırparaq parçaladı. Viktor Hüqo isə tüfəngin süngülərilə tutmaq üçün fransız əsgərlərin biri-birlərinə uşaq atdıqlarını deyirdi. III Napaleon da Fransanın müsəlman Əlcəzairində apardığı müharibəyə haqq qazandırırdı. O, Fransanın Əlcəzairin ağası olduğundan yazırdı: “Burada müharibə aparmağımızı Tanrı istəyirdi. Əlcəzairli müsəlman isə fərqli düşünürdü və azadlığı üçün qan vermək məcburiyyətində idi”. Fransız yazıçı Alber Kamyu Əlzəcairdəki Fransa terrorunu haqlı çıxardı. Qeyd edək ki, 1954-cü ildən 62-ci ildək Əlcəzairdə 8 min kənd fransızlar tərəfindən yandırılaraq məhv edilib. Müharibədə 2 milyon əlcəzairli qətlə yetirildiyi halda fransızların itkiləri 100 min əsgər olub.

Şikəst müsəlmanlara görə istefa verən ingilis hərbçi

İngilis müstəmləkəçiliyi də müsəlmanlara qarşı terror xarakterilə tanınınır. 1920-ci ildə İngiltərənin baş naziri Uinston Çörçill hakimiyyətə qarşı qiyam qaldıran müsəlmanları “nankor” adlandıraraq kimyəvi silahlarla qırdırdı. Çörçill kimyəvi silahdan yalnız “psixoloji vasitə” kimi istifadə etdiklərini dedi. İkinci Dünya Müharibəsində ingilis təyyarəçi Harris İraqda həyata keçirdiyi bombardman barədə qürurla belə danışırdı: “Ərəblər və kürdlər indi gerçək bir partlayışın nə olduğunu öyrəndilər. 45 dəqiqə içində bütün kəndi xəritədən sildik”. 1924-cü ildə İngiltərənin Hərbi Hava Qüvvələrinin zabiti Lionel Çarlton vəzifəsini icra edərkən xəstəxanada şikəst buraxdığı müsəlmanları gördükdən sonra istefa vermişdi. Vaxtilə İtaliya Liviyada qiyam qaldıran yerli müsəlmanlara qarşı fosfor və xardal qazından istifadə etmişdi. Tayfa liderləri təyyarələrdən aşağı atıldılar. Yüz minlərlə müsəlman ölüm düşərgələrində həyatlarını itirdilər. Liviyalı qadınlara təzavüz edildi. İspanlar isə Mərakeşdəki qiyamların qarşısını kimyəvi silahlarla aldılar. Nəticəsi qorxunc idi, 1 milyona yaxın müsəlman öldürülmüşdü.

1 Səddama görə, 1.5 milyon qurban

Unicef-in hesabatına görə, ABŞ-İraq müharibəsində öldürülən 1.5 milyon müsəlmanın 500 mini uşaq olub. ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Madlen Olbrayt bir Səddam Hüseynin aradan götürülməsinə görə, yarım milyon uşağın günahsız yerə qurban olduğunu dedi. İraq müharibəsində ABŞ minlərlə müsəlmanı uran bombaları ilə iflic edib. İngiltərinin ORB Araşdırma Mərkəzinin hesabatına görə, təkcə 2008-ci ildə İraqda 1 milyon insan qətlə yetirilib və yaralanıb. Müharibə vaxtı Bağdadda hər iki ailədən biri öz üzvünü itirib. “Human Right Watch”-a görə, Səddam Hüseyn 23 illik fəaliyyəti dövründə 290 min insanın ölümündə məsul tutulurdusa, Qərb 3 il ərzində 1.5 milyon can aldı. Qərb İraq kimi gözəl ölkəni xarabaya çevirdi. 2 milyona yaxın insan öldü, yaralandı, şikəst qaldı, iflic oldu. Dinləarası sülh yoxa çıxdı. Ölkə infilyasiyanın içərisindədir. Minlərlə insan hələ də küçərlərə çıxa bilmir, ev həbsindədirlər. Qorxurlar. Heç bir iraqlı “bütün bunlara dəyər, Səddam öldü” deyə bilmir.

Qlobal qarşıdurma, Qərbin “Azərbaycan layihəsi” və “informasiya qalxanı”
Geosiyasi qarşıdurmanın qızğın müharibəyə döndüyü bir dövrə çatan dünyamız, artıq lokal hərbi konfliktlərin getdiyi böyük bir döyüş meydanına çevrilmişdir.

Qlobal müstəvidə Rusiya ilə Qərb arasında kəskinləşən qarşıdurma dünyanın yenidən qütbləşməsinə gətirib çıxardı. SSRİ-nin dağılmasından sonra sosialist düşərgəsində öz nüfuzunu itirən Rusiya artıq bəzi keçmiş müttəfiq respublikalarının da Qərbin nüfuz dairəsinə keçməsi ilə yenidən hərəkətə gəldi. Ukraynada keçən il baş vermiş hadisələrdən və hakimiyyətə Qərbin dəstəklədiyi siyasi qüvvələrin gəlməsindən sonra, Moskva açıq şəkildə hərbi gücünün köməyi ilə keçmiş mövqelərini bərpa etməyə başladı.

“İnsan hüquqları” “söz azadlığıl” və “demokratiya” adı altında bu respublikalarda qərbpərəst siyasi təşkilatlar yaradıldı. “Beşinci kolon” adlandırılan bu qruplaşmalar illərdir Qərbin kəşfiyyat orqanları tərəfindən təlimatlandırılaraq lazım olan anda hərəkətə keçmək üçün hazır dayanıblar. Rəngli inqilablarla istənilən ölkəni qarışdıraraq, onun “ipə-sapa yatmayan” siyasi rəhbərliyini devirməklə öz nəzarətinə alan Qərb ölkələri Ukraynadan sonra artıq digər postsovet respublikalarında da “beşinci kolonu” səfərbər etməyə başlayıblar.

Müstəqillik illərində Azərbaycanda yaradılmış informasiya resurslarının gücünün, reytinqinin və fəaliyyinin effektivliyinin lazımi səviyyədə olmamasının nəticəsində bu gün biz rusdilli və ingilisdilli auditoriyaların diqqətini çəkə bilmir, Azərbaycan həqiqətlərini dünyaya lazımınca çatdıra bilmirik. Müasir dövrümüzdə medianın gücünün nəyə bərabər olduğunu dərk edən hakiyyət ilk islahatları bu sektorda aparmalıdır. Yeni, dünyanın bir çox dillərində yayım gerçəkləşdirən və ya materiallar dərc edən informasiya resurslarına ehtiyac var. Daxili auditoriyaya hesablanmış heç bir media orqan qlobal informasiya məkanında Azərbaycan üçün təbliğat silahına çevrilə bilməz. Rus və ingilis dillərində yayılan, dərc olunan, informasiya yayan telekanalların, informasiya portallarının, sosial şəbəkələrdəki səhifələrin bu məsələdə görə biləcəyi iş bir neçə nazirliyin, dövlət komitəsinin görə biləcəyi işdən daha effektivdir. Ölkəmizin ətrafında getdikcə daralan informasiya halqası, informasiya hücumlarından da göründüyü kimi çox acınacaqlı nəticələrə gətirib çıxara bilər. Azərbaycana qarşı aparılan bu gözdənsalma kampaniyasının miqyası isə artıq ölkəmizi daxildən və xaricdən dağıtmaq üçün hazır ideoloji konsepsiyanın olduğundan xəbər verir. Bu çox ciddi təhlükədir və bu təhlükəyə qarşı zamanında tədbir görülməlidir.

ƏFQANISTAN BUGÜN

ƏLCƏZAİR BUGÜN

HİNDİSTAN BUGÜN

İRAQ BUGÜN

LİVİYA BUGÜN

SURİYA BUGÜN

Azər Verdiyev

ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri

İcmalçı