!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ-ın etirazına baxmayaraq, Ərdoğan Suriyada hərbi əməliyyata başlayacaq” – Qriqori Mavrov

!Reklam – Yazi

“Regionda xaosun artması gözlənilir və Türkiyə də Suriyada özünə aid olan məsələləri ən qısa müddətdə həll etməyə çalışır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmaq qərarı və Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirmək hazırlığını dəyərləndirən Ukraynalı ekspert, Türkiyə üzrə mütəxəssis Qriqori Mavrov deyib.

– ABŞ öz qoşunlarını Suriyadan çıxaracağını bəyan etdi. Lakin az sonra məlum oldu ki, Amerika hökumətində bu məsələ ilə bağlı konsensus yoxdur. İndi isə Vaşinqton Ankaradan YPG/PYD terrorçularının təhlükəsizliyinə təminat istəyir. Sizcə, Türkiyə necə davranacaq?

– Türkiyə heç də asan olmayan bir vəziyyətlə qarşılaşıb. Əgər ABŞ öz qoşunlarını Suriyadan çıxararsa, həmin bölgədə Rusiya və İranın dəstəklədiyi Bəşər Əsəd qüvvələri fəallaşacaqlar. Eyni zamanda, Türkiyə kürd qruplaşmaları ilə Əsəd qüvvələri arasında anlaşma əldə olunacağından ehtiyatlanır. Xatırladım ki, Suriyada hələ Hafiz Əsəd dönəmindən etibarən, belə praktika mövcud olub. Ona görə də, Türkiyə hökuməti özünün cənub sərhədlərində belə bir anklavın qalması ilə qətiyyən razılaşmayacaq.

Əksər təhlilçilər bu fikirdədirlər ki, Türkiyə İdlib bölgəsi ilə YPG/PYD-nin nəzarətində olan bölgələri “dəyişməyə” çalışır. Həm də ki hazırda Türkiyəyə loyal münasibətdə olan və İdlibə nəzarət edən “Təhrir əş-Şam” qruplaşmasının sıxışdırılması müşahidə olunur. Belə bir “mübadilə” Türkiyənin YPG/PYD təhdidini aradan qaldırmasına və cənub sərhədlərinin təhlükəsizliyini təmin etməyə imkan verərdi. Hesab edirəm ki, Ərdoğan bu məsələlərdə qətiyyətli mövqe tutacaq, ona görə də YPG/PYD-yə sürətli zərbə endirmək üçün Suriya ilə sərhəddə yeni hərbi kontingent cəmləşdirir.

– Necə ola bilər ki, ABŞ Türkiyə ilə müttəfiqlik münasibətlərini YPG/PYD-yə qurban versin?

– Fikrimcə, ABŞ bu münasibətləri qurban verməyəcək və eyni zamanda, ABŞ YPG/PYD-ni kənara atmaq da istəmir. Fövqəldövlət üçün öz yetişdirdiklərini atmaqdan kədərli heç nə yoxdur.

– Necə düşünürsüz, ABŞ və Qərbin Suriyada konkret hədəfləri nədir? Vaşinqtonun regionda yürütdüyü anlaşılmaz siyasətin arxasında nə dayanır?

– Göründüyü qədər, ABŞ prezidenti artıq bu barədə danışıb və açıq şəkildə deyib ki, onların məqsədi İsrailin təhlükəsizliyini təmin etməkdir. Lakin Tramp həm də dəfələrlə bəyan edib ki, ABŞ-ın dünyanın problemli ərazilərindən çıxması və əsas diqqəti daxili məsələlərə yönəltməsi zəruridir. Bax, ABŞ-ın regionda apardığı siyasətdəki “anlaşılmazlıq” məhz bu məqamdır. Yəni bir tərəfdən ABŞ əsas müttəfiqi olan İsraili müdafiə etməlidir. Digər tərəfdən isə Tramp administrasiyası prezidentin düşünülməmiş addımlarının və qərarlarının “düzəldilməsi” ilə məşğul olur. Yəni bu mənada regionda xaosun artması gözlənilir və Türkiyə də Suriyada özünə aid olan məsələləri ən qısa müddətdə həll etməyə çalışır. Çünki Trampın sabah öz “Twitter” səhifəsində nə yazacağı bilinmir.

– İsrail ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarından narazıdır və Vaşinqtonu bu qərarına yenidən baxmağa çağırır. Yəhudilərin bu narahatlığı nə ilə bağlıdır?

– İsraili narahat edən əsas məsələ İranın Suriyada güclənməsidir. Çünki Əsəd qüvvələrinin bütün piyada korpusları məhz İranın təşkil etdiyi birliklərdən ibarətdir. O baxımdan, İsrail ABŞ-ın məhdud sayda olsa belə hərbi kontingentini və kürd qruplaşmalarını İranyönümlü birləşmələr üçün çəkindirici faktor kimi görür. Belə çıxır, “Hizbullah”ın əvəzinə İsrailə düşmən münasibət bəsləyən onlarla qruplaşma meydana buraxılıb. İsrail üçün digər başağrısı isə Rusiya ilə toqquşmaq ehtimalıdır. Əgər ABŞ Suriyanı tərk edərsə, bu qarşıdurma daha da güclənəcək. Həmçinin bu ilin aprelində İsraildə parlament seçkiləri keçiriləcək və yəhudilər indidən Kremli seçkilərə müdaxilə hazırlığında ittiham edirlər.

– Türkiyə Suriya ilə sərhəddə böyük hərbi kontingent cəmləşdirib və Baş Qərargah YPG/PYD-yə qarşı əməliyyata başlamağa hazır olduğunu bəyan edib. Amerikanın narazılığı Türkiyəni nəzərdə tutduğu əməliyyatı təxirə salmağa vadar edə bilər?

– Belə düşünürəm ki, prezident Ərdoğan ABŞ-la anlaşmalardan asılı olmayaraq, o əməliyyata başlayacaq. Son dövrlərdə ABŞ müntəzəm olaraq, qeyri-ardıcıl siyasət yürüdür və bu da amerikanlara “dil tapmaq çətin olan qəliz oyunçu” imici qazandırıb. Onların regiondakı strategiyası anlaşılmır, son addımları isə ümumiyyətlə, ortaya xeyli sual çıxarır. Yəqin ki, ABŞ müəyyən danışıqlar vasitəsilə Türkiyəni ləngitməyə çalışacaq. Bu isə Türkiyə üçün əməliyyata başlamağı qaçılmaz edəcək. Əks halda, Ankara qiymətli vaxt itkisinə məruz qalacaq və əməliyyatın uğur riski artacaq. Bunu Ankarada da başa düşürlər və qeyd olunan əməliyyat artıq yaxın günlərdə başlaya bilər.

Qafqaz Ömərov

www.yenicag.az

2757
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv