ABŞ-ın qorxulu Azərbaycan planı

7273ABŞ Konqresi yanında Helsinki Komissiyasının hazırladığı qanun layihəsi bütün Azərbaycana savaş elan etməkdir.

Qətnamənin mətnini diqqətlə oxuyanda (mən kifayət qədər böyük olan mətni gecə yarısı oxudum) birmənalı nəticəyə gəlirsən: “Azərbaycanda demokratiya barədə” adlı akt təkcə Azərbaycan hökumətinə qarşı yox, bütün Azərbaycan xalqına qarşı yönəlib. Deyim niyə.

Qanun layihəsindəki ən sərt məsələni, yəni ölkənin hazırkı siyasi isteblişmentinin bütün üzvlərinə – prezidentə, baş nazirə və onun müavinlərinə, komitə sədrlərinə, nazirlərə, Prezident Administrasiyasının və xüsusi xidmət orqanlarının əməkdaşlarına, hakimlərə, digərlərinə, eləcə də onların ailə üzvlərinə viza verilməsinə qadağa qoyulması məsələsini hələ bir kənara qoyaq. Bu, bütün Azərbaycan dövlətinə qarşı yönələ biləcək aqressiv addımlar kompleksində yalnız bir, özü də əhəmiyyətsiz ştrixdir.

Sənədin əsas bəndi budur: Azərbaycan hökuməti ilə BÜTÜN (!!!) iqtisadi əlaqələri, o cümlədən enerji sektorundakı əməkdaşlıq münasibətlərini dərhal kəsmək!

Qanun layihəsi Azərbaycan hökumətinin hətta humanitar və TİBBİ (!!!) layihələr də daxil olmaqla bütün layihələrinin ABŞ-ın dövlət orqanları tərəfindən maliyyələşdirilməsinə qadağa qoyulmasını da nəzərdə tutur.

Lakin bu da amerikalıların qanun layihəsinin ən amansız və xain tərəfi deyil. Burada söhbət həm də “Azadlığa Dəstək Aktı”na (Freedom Support Act) 907-ci düzəliş üzərinə qoyulan vetonun aradan qaldırılmasından gedir. Həmin düzəliş Azərbaycan hökumətinə yardım göstərilməsinin “Ermənistana və Dağlıq Qarabağa embarqo tətbiq etməsi və aqressiv münasibət göstərməsi səbəbindən” məhdudlaşdırılmasını nəzərdə tutur.

Azərbaycana qarşı açıq-aşkar düşmənçilik demək olan bu qanun layihəsinin hazırlanmasında nüfuzlu erməni diasporunun da əlinin olması elə bu paraqrafdan da aydın görünür.

Bundan sonrakı bəndlər isə daha pisdir. Qanun layihəsi ABŞ-ın İnkişaf və Ticarət Agentliyinin (Trade and Development Agency) Azərbaycandakı fəaliyyətinə qadağa qoymağı nəzərdə tutur. Burada söhbət həm də Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) təsisatlarının Azərbaycan hökuməti ilə əməkdaşlığına qadağa qoymaqdan gedir. ABŞ hökumətinə tövsiyə olunur ki, Azərbaycanın beynəlxalq maliyyə-kredit institutlarındakı (BVF, Dünya Bankı və s.) bütün layihələrinə veto qoysun.

Layihəyə görə, Azərbaycan hökumətinin, həmçinin hökumət üzvlərinin maraqlarına aidiyyəti olan, onların qohumları, üstəlik hökumətlə bu və ya digər dərəcədə bağlı olan işgüzar dairələrin bütün bank hesabları dondurulmalıdır. Ölkənin xaricdəki bütün daşınmaz əmlakına həbs qoyulur, Azərbaycanın xaricdəki bütün biznes qurumlarının fəaliyyətinə qadağa tətbiq edilir.

Bu qanun layihəsi qəbul olunsa, “Azərbaycan rəhbərliyi ilə sıx münasibətləri olan” bütün biznesmenlərin təkcə ABŞ-dakı yox, bütün Qərbdəki bank hesablarına həbs və qadağa qoyulacaq. Vaşinqton AYİB-in Azərbaycanla əməkdaşlığına qadağa qoyulmasını göstərməklə buna artıq eyham vurub.

“Maqnitski qanunu” əsasında sanksiyaların tətbiqi təcrübəsinin də göstərdiyi kimi, ABŞ-dan sonra oxşar sanksiyaları bir qayda olaraq onun balaca qardaşı – Avropa İttifaqı da tətbiq edir.

Qanun layihəsində Azərbaycanla iqtisadi əməkdaşlığa qadağa qoyulmasına dair xüsusi paraqraf da var. Ən maraqlısı da bu paraqrafdır. Əgər bu qanun və sanksiyalar Azərbaycanda sözdə “insan haqlarını pozan” məmurlara qarşı yönəlibsə, onda bütün ölkə ilə iqtisadi əməkdaşlığa niyə qadağa qoyulur?

Bir daha deyək: hələ 90-cı illərdə ABŞ-dakı erməni təşkilatlarının israrlı tələbi və təzyiqi ilə qəbul edilən, sonra da dondurulan 907-ci düzəlişi indi yada salmaq və bərpa etmək nə üçündür?

Qətnamə layihəsini təhlil edəndə əmin olursan ki, ABŞ indiyə qədər heç bir ölkəyə, o cümlədən Rusiya və İrana qarşı bu qədər sərt və açıq düşmənçilik ruhunda qanun layihəsi qəbul etməyib. Çünki bu layihədə bütün hökumət üzvlərinin və bütün hakimiyyət qollarının nümayəndələrinin, həmçinin onların ailə üzvlərinin adı yer alır. Onlar Qərbə, indiki halda ABŞ ərazisinə yalnız Qarabağ danışıqları aparmaq üçün gedə bilər.

Diqqət edin, bu da ümumdünya erməniliyinin maraqlarına xidmət edən növbəti tezisdir. Yəni əgər Qarabağı vermək istəsəniz, sizi hörmət-izzətlə qarşılayarıq!

Sual yaranır: bu qanun layihəsinin qəbulu nə dərəcədə realdır? Bəlkə ABŞ hökuməti sadəcə qorxutmaq istəyir, Azərbaycan hakimiyyətini bu və ya digər siyasi qərarı qəbul etməyə məcbur etməyə çalışır?

Bu qətnamə sonda bəlkə heç qəbul olunmadı. Amma sənədin preambula hissəsində qoyulan tələbə baxın. Azərbaycan bütün siyasi məhbusları azad etməyənə (amma söhbət hansı siyasi məhbuslardan gedir, bu siyahını kim tərtib və müəyyən edib?), demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafı sahəsində əhəmiyyətli inkişafa nail olmayana (bu, nə anlaşılmaz tələbdir?), nəhayət, seçkilərin azad və ədalətli keçirilməsini təmin etməyənə (bu və ya digər seçkinin demokratiklik dərəcəsini kim müəyyən edir?) qədər bu akt qüvvədə qalacaq.

Bu davakar aktın müəllifləri Azərbaycana əslində hansısa ağır şərtləri qəbul etməyi, tam təslimiyyət sənədini imzalamağı təklif edirlər. Sanksiyalar yalnız bu halda ləğv oluna bilərmiş.

Bəlkə də ləğv olunub! Bəlkə də yox. Bu ağır şərtlərin nədən ibarət olduğunu bilmirik. Çünki iki ölkənin rəhbərliyi arasında bağlı qapılar arxasındakı görüşdə söhbətin nədən getməsi haqda məlumatımız yoxdur.

Konqresin bu layihəni qəbul etməyəcəyi şansları varmı? Məncə, bu ehtimal çox azdır. Belə görünür ki, Konqres bu qanun layihəsini fevralın sonunda, yaxud martın əvvəlində hər halda qəbul edəcək. Dinləmələrin dəqiq vaxtı yanvarın əvvəlində məlum olacaq.

Helsinki Komissiyası kifayət qədər nüfuzlu qurumdur. Ora 9 senator, 9 konqresmen, Dövlət Departamentinin və Pentaqonun hərəsindən 1 nümayəndə daxildir. Komissiyanın iclaslarındakı səsvermə gizli keçirilir. Dövlət Departamentinin və ya Ağ Evin mövqeyi bizə məlum deyil. Lakin Belarusa, İrana, Rusiyaya, Suriyaya və digər ölkələrə qarşı oxşar sanksiyaların qəbulu təcrübəsi də göstərir ki, Helsinki Komissiyası Ağ Evin (hələ Dövlət Departamentini demirik) iradəsinin ziddinə addım atmır.

Bundan əlavə, Helsinki Komissiyasının sədri Kristofer Smit Respublikaçılar Partiyasının liderlərindən biri və nüfuzlu konqresmendir. Məlum olduğu kimi, ABŞ parlamentinin hər iki palatası məhz bu partiyanın tam nəzarəti altındadır.

Demokratlar Partiyası taleyüklü seçkilər ərəfəsində Azərbaycana görə respublikaçılarla qarşıdurmaya gedəcəkmi? İllah da o halda ki, bu aktın qəbuluna bəhanə “insan haqları və demokratiya” məsələsidir. Məhz bəhanə, səbəb yox. Səbəb barədə yalnız mühakimə yürütmək olar.

Belə ki, demokratlar bu qətnamənin qəbuluna qarşı çıxmağa çalışsa, müxalifət hakimiyyəti “avtoritar rejimi” ədalət mühakiməsindən qorumaq cəhdində ittiham edəcək.

Bundan əlavə, virtualaz.org saytının mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, Obama administrasiyası Azərbaycan nümayəndələri ilə danışıqlara xüsusi həvəs göstərmir. Bizim səfiri yarım ildən artıqdır ki, heç kim qəbul etmir. Səfirin görüşmək və məsləhətləşmələr aparmaqla bağlı bütün xahişləri Viktoriya Nulland və Obama administrasiyasının digər yüksək rütbəli nümayəndələri tərəfindən sadəcə cavabsız buraxılır. Danışmaqdan sadəcə imtina edirlər, vəssalam!

Beləliklə, Azərbaycanın lobbiçiləri indiki şəraitdə, münasibətlərin indiki soyuq vəziyyətində Vaşinqtonda çətin ki, nəyəsə nail olsunlar, gec açılan bombanın işə düşməsinin qarşısını ala bilsinlər.

Əlbəttə, amerikalıların Azərbaycana qarşı bunca aqressiv hərəkətlərinin yalnız sözdə azadlıq və bərabərlik ideyası ilə şərtlənməsinə yalnız sadəlövhlər inanar.

Diqqət edin, amerikalılar həmin bəyanatlarında Xədicə İsmayılovanın, “Yəhova şahidləri” dini icmasının taleyindən, qripə yoluxmuş hansısa bir məhbusa tibbi yardım göstərilməsinə qadağa qoyulmasından xüsusi narahatlıqlarını bildirirlər. Bunlar bəyəm bunca sərt sanksiyaların qoyulması üçün bu qədərmi ciddi əsaslardır?

Dəfələrlə yazdığımız kimi, Vaşinqton özünün əsas missiyasına sadiqdir – indiki hakimiyyətin dayaqlarının laxlamasına istənilən yolla nail olsun, onu devirsin və idarəolunan xaos vəziyyətini modelləşdirsin.

Rusiya ətrafında qeyri-sabitlik zolağı yaratmaq, özü də buna nəyin bahasına olursa-olsun nail olmaq amerikalılardan ötrü həyati vacib məsələdir. Bu sanksiyaların da aydın ifadə olunan məqsədləri var. Əgər 2012-ci ildə Rusiyaya qarşı oxşar sanksiyalar 6 saatlıq qızğın müzakirələrdən sonra qəbul olunmuşdusa, Azərbaycan məsələsində böyük ehtimalla heç bir debat olmayacaq. Səs verəcəklər və məsələ bitəcək!

Bəs nə etməli? Bizə ədalətsiz müharibə elan etmiş ən qüdrətli dövlətlərdən biri ilə uzun çəkən savaşa hazırlaşmaq lazımdır. Yalnız bir təsəlli var: biz “Yəhova şahidləri” icmasının uşaqları ətrafındakı vəziyyətdən kədərlənmiş Vaşinqtonun bu qərəzli seçimində tək deyilik.

Amerikalılar özlərini təmin edə bilən, onlara sırınmış tələblərə boyun əyməyən, onlarla diktə dilində danışanlara qarşı dirəniş və sarsılmaz iradə göstərən əksər dövlətlərə qarşı bax beləcə müharibə aparır.

Azərbaycan bu qeyri-bərabər savaşda duruş gətirə biləcəkmi? Bu anlarda mən patetikadan və heç nəyə yaramayan pafosdan uzağam. Lakin mənə elə gəlir ki, Azərbaycan şübhəsiz ki, duruş gətirəcək. Gətirməlidir! Buna məcburdur!

Bizim başqa yolumuz yoxdur! Əks halda ölkəmizi od-alov içində olan Suriyaya döndərəcəklər! Biz bu savaş çağırışını yalnız bir yumruq kimi birləşən millət olaraq qəbul edəcəyimiz halda qələbə qazana bilərik…

Eynulla Fətullayev

Virtualaz.org

COP29