ABŞ-ın Rusiyadakı səfirliyinin müşavir-elçisi Tim Riçardson Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Yenicag.az-ın verdiyi xəbərə görə, Moskvada razılaşdırılmamış aksiyalar barədə yazı ilə bağlı diplomata təqdimat verilib.
Bundan əvvəl səfirliyin saytında və Dövlət Departamentinin Konsulluq məsələləri üzrə idarəsinin rəsmi Tvitter səhifəsində avqustun 3-də Moskvada keçirilən razılaşdırılmamış mitinqin sxemi yerləşdirilib, yürüşdə iştirakdan çəkinmək məsləhət görülüb.
XİN bunu aksiya iştirakçılarının lehinə təşviqat və Rusiyanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirib.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, rəsmi Moskva ABŞ və Almaniya hökumətlərini diplomatlarının Rusiyanın daxili işlərinə qarışması ilə bağlı məlumatlandıracaq.
Qeyd edək ki, iyulun 14, 27-də və avqustun 3-də Rusiyanın paytaxtı Moskvada icazəsiz aksiyalar keçirilib, nəticədə 1700 nəfər saxlanılıb./APA/