ABŞ-ın terrorçulara verdiyi silahlar Suriya-Türkiyə sərhədində cəmləşdirilir

Türkiyəni “cəzalandırmaq” niyyətində olan ABŞ və Qərb dövlətləri kürd terror qruplaşmalarını irəli verirlər.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın terrorçu PKK/PYD-yə göndərdiyi silahlar Suriyanın Türkiyə ilə sərhəd bölgələrində cəmləşdirilməkdədir.

Məlumata görə, terrorçu PKK/PYD Suriyanın Afrin, Kobani, Sırrin, Harab Işk, Çələbiyyə, Tel-Abyad, Suluk, Dirbasiye, Tel-Beydər, 47-ci bölgə, Cibse, Əl-Hul və Malikiyyə bölgələrində silah və canlı ehtiyatını artırmaqdadır.

ABŞ-Türkiyə münasibətlərində yaranmış gərginliyi əsas götürən analitiklər Suriya kürdlərinin bu fəallığını Vaşinqtondan verilmiş konkret təlimatla əlaqələndirirlər.

Qeyd olunur ki, strateji müttəfiqlik münasibətlərinə baxmayaraq, üzvü olduğu NATO-dan və alyansın Avropadakı üzvlərindən nəinki dəstək görən, əksinə, onların təzyiqlərinə məruz qalan Türkiyənin Rusiya ilə yaxınlaşması Qərbdəki tərəfdaşlarının Ankaraya qarşı yeni “cəbhə” açmaları ilə nəticələnib.

Qərb mərkəzləri Türkiyə əleyhinə açılan yeni-köhnə cəbhədə əsas rolu dəstəklədikləri PKK/PYD-yə verməklə, Ankaranı daha geniş miqyasda hərbi toqquşmalara cəlb etməyi hədəfləyir.

Yaranmış vəziyyəti və bu durumun mümkün inkişafını Yenicag.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, cərəyan edən hadisələr Türkiyənin Suriyada genişmiqyaslı əməliyyatlara başlamasına zəmin yaradır:

“Hazırda ABŞ-Türkiyə münasibətləri həqiqətən, çox kəskinləşib və iki ölkə arasında son 60 ildə indiki səviyyədə gərginlik yaşanmayıb. Son olaraq, ABŞ-da mühakimə olunan Rza Zərrabın məhkəməsi və bu prosesin gedişatı mövcud gərginliyi daha da artırır.
Bildiyiniz kimi, Suriyada İraq-Şam İslam Dövləti (İŞİD) artıq məhv edilib, bu terror şəbəkəsinin üzvləri pərən-pərən düşüb, bəziləri öz ölkələrinə, bir qismi də başqa dövlətlərə üz tutub.

Belə bir şəraitdə Amerikanın Suriya kürdlərini, o cümlədən, PKK/PYD-ni fəallaşdırmaq cəhdi gözlənilməz deyil. Məlumdir ki, son illərdə terrorçu PKK-nın arsenalını əsasən, Qərb ölkələrindən verilmiş silah-sursat təşkil edir. İŞİD-lə mübarizə çərçivəsində Suriya kürdlərinə verilmiş müxtəlif təyinatlı silahların həcmi də çox böyükdür.

ABŞ prezidenti Tramp Türkiyə prezidenti Ərdoğanla son telefon danışığında PYD-yə verilən silahların geri alınacağını vəd etsə də, bu məsələdə Ağ Evlə Pentaqon arasında kəskin mövqe fərqləri var.

Yəni Pentaqon PYD-yə verilmiş silahların geri toplanmasına başlamaq niyyətini göstərmir. Ümumiyyətlə, Suriya kürdlərinə verilmiş ABŞ silahlarının geri alınması üçün konkret mexanizm də hazırlanmayıb.
Yuxarıda qeyd olunduğu kimi, İŞİD Suriyada sıradan çıxarıldıqdan sonra PKK/PYD-nin Türkiyə ilə sərhəd bölgələrində aktivləşdirilməsi təəccüb doğurmur və bu da Ankaraya yönələn açıq təzyiq, həm də təhdiddir. Əlbəttə, o ərazilərə iri həcmdə silah cəmləşdirilibsə, onların işə salınması ehtimalı çox yüksəkdir.
Ancaq düşünürəm ki, bu vəziyyəti öz təhlükəsizliyi üçün ciddi təhdid olaraq görən Türkiyə baş verənlərə səssiz qalmayacaq. Ehtimal etmək olar ki, ortadakı təhlükənin böyüməsinə imkan verməməyə çalışan Türkiyə Afrində və Suriyanın digər bölgələrində genişmiqyaslı əməliyyatlara başlaya bilər. Yəni Türkiyənin yaranmış şəraitdə qabaqlayıcı addımlar atmaq ehtimalı yüksəkdir”.

A. Zeynalov

COP29