Amerikanın Türkiyədəki səfiri Con Bass Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlinin arxasında ABŞ-ın dayandığı haqda səngiməyən iddialara münasibət bildirib.
Yeniçağ.Az xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfiri Con Bass ölkəsinin rusiyalı həmkarı Andrey Karlovun qətlində hər hansı formada əlaqəsinin olduğunu inkar edib:
“Bu mənfur qətlin ABŞ-la əlaqəsi olduğuna dair iddiaları qətiyyətlə rədd edirik. Türk polisinin bu qətl işi ilə bağlı əldə etdiyi sübutlarla bağlı ilkin mənbədən alınan məlumata malik deyiləm. Təkcə Türkiyə, Rusiya deyil, bütün dünyanın marağını nəzərə alıb, aparılan təhqiqatın ortaya çıxan suallara dəqiq cavab verməsinə qədər prosesin təbii gedişatını səbrlə gözləmək çox vacibdir. Türkiyə mediasında Rusiya səfirinin qətlində ABŞ hökumətinin əlinin olmasına dair iddiaları qəbul etmirik. Bu iddiaları təsdiqləyən heç bir sübut yoxdur, ona görə də deyilənləri sübutu olmayan çirkin iddia hesab edirəm. Biz dünyada bütün diplomatların təhlükəsizliyinin təmin olunmasından və normal fəaliyyət göstərmələrindən başqa heç nə istəmirik. Mən dörd il əvvəl ABŞ-ın Liviyadakı səfiri olan dostumu itirdim. Ona görə də həmkarımıza qarşı belə zorakı hərəkətlərin şahidi olmaq bizləri çox kədərləndirir”.
C. Bass Rusiya səfirinin qətlindən sonra yaranmış situasiyada Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinə dair suala konkret cavabdan diplomatik tərzdə yayınıb:
“ABŞ-da yaşayıb, xarici ölkələrdə törətdiyi əməllərə görə ölkədən çıxarılması tələb olunan şəxslərlə bağlı məlumatlara tam ciddi yanaşırıq. O baxımdan, hökumətlərimiz 15 iyul günü və ondan sonra baş verən qorxunc hadisələrlə bağlı əldə olunan məlumatları diqqətlə araşdırır. Bu prosesi eyni qərarla da davam etdirəcəyik. Türkiyə hökumətinin çevriliş təşəbbüskarlarını ədalət mühakiməsinə çıxartmaq üçün əlimizdən gələni etdiyimizə əmin olun”.
Yeniçağ.Az