İsrailin MOSSAD xüsusi xidmət orqanına yaxın sayt ABŞ hərbçilərinin Türkiyədəki “İncirlik” aviabazasını boşaldacağını yazıb.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı MOSSAD-a bağlı olan “Debka” saytı yayıb.
Məlumata görə, “İncirlik”dən çıxmağı qərara alan ABŞ bu prosesi sürətləndirib:
“Bölgədə dörd hərbi baza inşa edən ABŞ-ın bir neçə mühəndis heyəti Suriyanın şimalında beşinci aviabazanın tikintisi üçün sutkanın 24 saatını işləməkdədir. Mühəndis heyətlərindən biri isə İraq-Suriya sərhədində yerləşdirilib. ABŞ-ın Əsəd rejiminin kimyəvi hücumundan sonra Suriyanı bombalamasının birdəfəlik aksiya, yoxsa davamlı əməliyyat olması son günlər senatorlar və jurnalistlər arasında ən çox müzakirə edilən məsələdir. Bu məsələlər Ağ Ev tərəfindən dəyərləndirilərkən, Tramp administrasiyası ABŞ Hərbi Hava Qüvvələrinin 2002-ci ildən bu yana fəal istifadə etdiyi “İncirlik” aviabazasından çıxarılmasına yönələn böyük layihənin icrasını sürətləndirib”.
Saytın iddiasına görə, ABŞ hərbçilərinin yerləşdiriləcəyi yeni mərkəz İŞİD-in mərkəzi şəhəri Rakkanın 40 kilometrliyindəki Tabqa məntəqəsi olacaq. Digər hərbi bazaların isə Rimelan bölgəsindəki “Hajar” hava limanı, Kamışlıda əvvəllər aqrar məqsədlərlə istifadə edilən, sonra isə hərbiləşdirilən iki kiçik hava limanı və Hələbin şimalında – Türkiyə-Suriya sərhədi yaxınlığındakı Kobanidə yerləşəcəyi bildirilir:
“İşlər tamamlandıqdan sonra ABŞ Suriyadakı hava əməliyyatları keçirtmək imkanlarını iki dəfə genişləndirərək, bu məsələdə Rusiya ilə balansı bərpa edəcək. Tabqa isə ABŞ Hərbi Hava Qüvvələri Hava Nəqliyyatı Komandanlığı tərəfindən bölgədə yerləşdirilən “Suriya demokratik qüvvələri” tərəfindən ələ keçirilib. Bundan sonra o baza “İncirlik- 2” və ya İraq ordusunun Mosulda İŞİD-ə qarşı əməliyyatlarının idarə olunduğu qərargahın adı ilə “Qayyarah-2” adlandırılacaq”.
“Debka”nın sözügedən yazısında ABŞ-la bərbar Almaniyanın da “İncirlik”dən çıxacağı bildirilir. Lakin qeyd olunur ki, Berlinin bu qərarı Almaniya-Türkiyə münasibətlərinin gərginləşməsindən qaynaqlanır. ABŞ-ın isə “İncirlik”dən çəkilməsi “Donald Trampın Rəcəb Tayyib Ərdoğanla münasibətləri dərinləşdirmək və Türkiyə Silahlı Qüvvələri ilə əməkdaşlığı genişləndirmək” niyyəti ilə əlaqələndirilir.
Qeyd olunur ki, Tabqada inşa olunan aviabaza “İncirlik”dən çıxarılacaq 2 500 nəfərlik ABŞ hərbi kontingenti üçün nəzərdə tutulub. Saytın iddiasına görə, Tramp Suriyada 5 hərbi baza yaratmaqla aşağıdakı məqsədlərdən çıxış edir:
– “İslam terrorçuluğuna qarşı mübarizə”;
– İranın Suriyaya hava və qurudan girişini əngəlləmək;
– Suriyadakı PYD-YPG bölgələrində Türkiyə ordusuna qarşı hərbi bufer zona yaratmaq.
Yeniçağ.Az