“ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlar keçirəcəksə, təkcə qaçqın axını Azərbaycanı çətin vəziyyətə salmağa kifayət edər”.
Bu sözləri İsrail və Qərbin İrana hücum etmək ehtimalı, bundan Azərbaycana dəyə biləcək zərərləri dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, İrana hücum ancaq havadan həyata keçirilə bilər:
“İranda quru əməliyyatları keçirməyin mümkün olduğunu düşünmürəm. Bunun üçün çox böyük qüvvə lazımdır.
200-300 minlik qoşun İranı məğlub etməyə yetməz. İran İraq deyil. Zamanında İraqa qarşı hərbi əməliyyat keçiriləndə ABŞ və müttəfiqlərinin 450 minə yaxın quru qoşunları iştirak etdi.
İrana müdaxilə etmək üçün quru ərazi yoxdur. Yalnız Azərbaycanla sərhəddən və başqa qonşuların ərazisindən əməliyyat keçirmək mümkündür. Azərbaycan buna icazə verməz. Baxmayaraq ki, İrandan Azərbaycana qarşı aqressiv münasibət, müxtəlif təzyiqlər, təhdidlər və hədə-qorxular var. Azərbaycan qonşuluq münasibətini qoruyub saxlamağa çalışır.
ABŞ və İsrailin İrana quru ilə qüvvə yeritməsi inandırıcı deyil.
Havadan zərbələrin endirilməsi mümkündür. İranın təyin edilmiş strateji, hərbi, dövlət əhəmiyyətli obyektlərinə havadan zərbələr ola bilər. Tam şəkildə İranı işğal edib, hakimiyyəti dəyişmək, İraqda olduğu kimi davranmaq çox çətindir. Bunun üçün çox böyük qüvvə lazımdır. Belə bir qüvvənin cəmləşməsi müşahidə olunmur.
Belə bir əməliyyat olarsa, Azərbaycan üçün çox çətin olacaq.
İranla böyük sərhədimiz var. Qaçqın axını Azərbaycanı çətin vəziyyətə salmağa kifayət edər. Həmçinin İran Azərbaycana da zərbələr endirə bilər. Hərbi əməliyyatlar olarsa, insanlar sərhədi keçə bilər. Bu isə Azərbaycana iqtisadi baxımdan çox böyük çətinliklər yaradar.
İrana ABŞ və yaxud İsrail quru qoşunlarının daxil olmasını mümkün saymıram. Hesab edirəm ki, İrana qarşı tədbir görüləcəksə, zərbələr ancaq havadan olacaq”.
Səxavət Məmməd