ABŞ-la Avropa arasında diplomatik gərginlik… – Rusiya istəyinə çata biləcəkmi?

“Lavrovun Qərbə yönəlik çağırışı fonunda Rusiya ilə Avropa Birliyi arasında əməkdaşlıqda müəyyən mənada yaşıl işıq yandırıla bilər. Ancaq bütün hallarda  bu addımlar AB ilə ABŞ arasında münasibətlərdə köklü problem yaratmayacaq. Yenə də Avropa ABŞ-la münasibətlərə daha çox önəm verməkdə davam edəcək”

Bu sözləri Yenicag.az-a açıqlamasında  Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy deyib:

“Rusiya xarici işlər naziri Sergey Lavrovun İranla bağlı Avropaya yönəlik çağırışı əslində ABŞ-ın regionda zəiflədilməsi, onun müttəfiqlərilə arasında olan problemlərin böyüdülməsi baxımından Moskva üçün əhəmiyyətlidir. Bilirsiniz ki, Rusiya bənzər addımı Türkiyə ilə ABŞ arasında olan münasibətlərdə də atıb. Ankara ilə Vaşinqton arasında yaşanan gərginlikdən istifadə edərək iki ölkə ilə münasibətlərini yeni kontekstdə daşıya bildi. NATO ilə bağlı bəzi məsələlər, Böyük Britaniyanın ittifaqdan çıxması prosesində Ağ Evin daha çox Londonu dəstəkləməsi, Trampın AB-yə digər prezidentlərdən fərqli olaraq ənənəvi baxış sərgiləməməsi buna sübutdur. Bu gərginliyə indi də İran məsələsi əlavə olunub. Belə ki, bu məsələdə Avropa ABŞ-ın mövqeyini dəstəkləmir.

Lakin məsələ ondadır ki, ABŞ-AB münasibətləri, Vaşinqton-Ankara münasibətlərindən daha dərindir, problemlər isə nisbətən daha yumşaqdır.  Digər tərəfdən, Moskvanın son zamanlar artan aqressivliyi, MDB məkanında Ukrayna və Gürcüstana münasibətdə sərgilədiyi fəaliyyət Avropanın özünü də müəyyən mənada narahat etməyə başlayıb. Bu mənada Rusiyaya qarşı sərt mövqe AB-nin də marağına cavab verir. Rusiyanın canfəşanlığına baxmayaraq, AB ilə ABŞ arasında münasibətlərdə köklü problemlər yaşanmayacaq”.

Qeyd edək ki, bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İranla bağlanan nüvə sazişindən birtərəfli qaydada çıxması ilə bağlı olaraq Avropaya çağırış edərək, Moskva ilə Brüsseli hüquqi maraqları çərçivəsində birgə hərəkət etməyə səsləyib. Yəni, bir sözlə, Moskva İran məsələsində ABŞ-la AB arasında fikir ayrılığından yararlanaraq, Avropanı öz tərəfinə çəkməyə, Vaşinqtona qarşı qoymağa çalışır.

ELÇİN

COP29