“Ermənistan ABŞ üçün bu regionda İran, Rusiya və Çinə qarşı bir vasitədir”.
Bu sözləri Ermənistan-ABŞ hərbi əməkdaşlığının regiona gətirəcəyi təhdidləri Yenicag.az-a dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Hərbi ekspert bildirib ki, ABŞ Ermənistanı silahlandırmağa davam edəcək:
“Xartiya imzalanmazdan öncə də ABŞ ilə Ermənistan arasında hərbi əməkdaşlıq var idi. Bir neçə ABŞ təyyarəsi Ermənistana enmişdi, silah, avadanlıqlar gətirmişdilər. Düzdür, o avadanlıq daha çox İranla bağlı kəşfiyyat xarakterli idi. Bu proses Ermənistanda gedirdi, gedir və bundan sonra da gedəcək. Çünki regionda Rusiya və İran faktoru var. Hər iki faktor ABŞ-yə dost olmayan ölkələr sayılır. Xüsusən də Rusiyanın sıxışdırılıb çıxarılması prosesinə start verilib. “Zvartnots” Beynəlxalq Hava Limanı, eləcə də İran sərhədindən ruslar çıxarıldı, habelə Ermənistan KTMT-də iştirakını dondurub. Hətta artıq Ermənistan ABŞ ordu sistemini özündə tətbiq edir”.
Polkovnikə görə, İsrailin İranla bağlı hədəsi ABŞ-dən xəbərsiz deyil:
“Digər tərəfdən Orta dəhliz Çinə bağlı bir layihədir. ABŞ ilə Çin arasındakı münasibətləri qiymətləndirsək, bunda da ABŞ-nin regionda öz təsir mexanizmini yaratmaq və genişləndirmək niyyətini görə bilərik. Ona görə də bu proseslər Ermənistana görə deyil. Ermənistan həmişə olduğu kimi bir alət kimi istifadə edilir. Ermənistanın hərbi cəhətdən inkişafını da görə biləcəyik. Bundan əlavə, silahlanma da olacaq. ABŞ mütləq deyil ki, özü Ermənistana silah göndərsin. ABŞ-nin əlində elə rıçaqlar var ki, o silahlanmanı özü göndərmədən də təmin edə bilər”.
Səxavət Məmməd