ABŞ-nin ikili standartları: “Vaşinqton sülh prosesində səmimi deyil”

“İstənilən dövlət – istər ABŞ, istər Avropa İttifaqı, istərsə də Rusiya olsun, bunların hamısının özünəməxsus Cənubi Qafqazla bağlı maraqları mövcuddur. Bu maraqları təmin etmək üçün də sözügedən dövlətlər bölgənin iki ölkəsi arasındakı gərgin münasibətlərdə vasitəçilik missiyasını öz üzərlərinə götürməklə hər iki ölkəyə bu və ya digər şəkildə təsir imkanlarını əldə saxlamaq istəyirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə olan telefon zəngini və Vaşinqtonun bölgədəki siyasi maraqlarını şərh edərkən politoloq Rəşad Bayramov deyib.

O xatırladıb ki, xüsusilə 5 aprel Brüssel görüşündən sonra biz ABŞ-nin dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə olan telefon zənglərinə şahidlik etdik:

“Birinci telefon danışığında Brüssel görüşünün Azərbaycanın əleyhinə olmadığı, habelə Ermənistana hərbi yox, humanitar dəstəyin veriləcəyi ilə bağlı fikirlər səsləndirilmişdi. Lakin nəticə etibarilə, bunların heç biri baş vermədi. ABŞ bir tərəfdən sülh istiqamətində hansısa addımlar atmaq istəsə də, öz fəaliyyətində ikili standartlar prinsipini hələ də qoruyub saxlayır”.

Onun sözlərinə görə, Ermənistanla birgə hərbi təlimlərin keçirilməsi, bu ölkəyə silah tədarükü, İrəvanla münasibətləri strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə qaldırmaq istiqamətində atılan addımlar və həmin tərəfdaşlıqda da Ermənistanın hərbi təhlükəsizlik məsələlərinin prioritet olaraq göstərilməsi, habelə özünə aid fondlar – xüsusilə də USAID kimi fondlar vasitəsilə Ermənistana davamlı şəkildə maliyyə axınının təmin olunması və s. proseslər onu göstərir ki, əslində, ABŞ sülh prosesində o qədər də səmimi deyil:
“Sadəcə, Vaşinqton özünün bitərəfliyini göstərmək üçün Azərbaycan Prezidentinə zaman-zaman zənglər edir və sülh prosesinə yardımçı ola biləcəkləri ilə bağlı mesajlar verir. Bu məsələ Azərbaycanla Ermənistan arasında sülhü istəməkdən daha çox digər məqsədləri özündə daşıyır. Əgər bir ölkə sülhü istəsə, Ermənistana təzyiq edib sülh müqaviləsini imzaladardı və məsələlər bununla da bitərdi. Amma görünür ki, ABŞ sülhdən daha çox özünün vasitəçiliyi ilə yenə də uzunmüddətli hansısa danışıqlar formulunu ortaya qoymaq istəyir. Bu baxımdan da Prezident İlham Əliyevin Ermənistanın konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı tələbi Blinkenin nəzərinə çatdırması olduqca yerində bir addımdır”.

Rafi Müslümov

COP29