ABŞ-nin İsrailə yönəlik SAVAŞ TƏHRİKİ: “Vaşinqtonun tərəfləri danışıqlar masasına əyləşdirməyi…”

“Vaşinqtonun ənənəvi siyasətinin başlıca istiqamətləri sırasında münaqişə tərəflərindən birini dəstəkləmək xüsusi yer tutur”.

Bu fikirləri ABŞ-ın İsraili Fələstinə qarşı hərbi əməliyyatları dayandırmamağa təhrik etməsinə münasibət bildirən politoloq Amid Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, böyük dövlətlərin istənilən münaqişədə tərəflərdən birini dəstəkləməsi eskalasiyanı daha da artırır:

“Bu isə yeni vəsait, yeni silahlanma, durmadan artan qurbanlar mənasına gəlir. ABŞ-nin ənənəvi siyasətinin başlıca istiqamətləri sırasında münaqişə tərəflərindən birini dəstəkləmək xüsusi yer tutur.

O yanaşma Rusiya-Ukrayna müharibəsində də müşahidə olunmaqdadır. ABŞ hələ də Ukraynaya maliyyə və hərbi dəstək göstərməkdə davam edir. Nəticədə isə keçən uzun müddət ərzində sülh danışıqlarına başlamaq hələ də mümkün olmayıb.

Eskalasiyanın artmasının və münaqişənin uzanmasının əsas səbəblərindən biri də məhz budur. Hazırda İsrail-Fələstin müharibəsində tərəf seçmək düzgün yanaşma deyil. Ən azından supergüc olan ABŞ tərəfləri danışıqlar masasına oturtmağı, münaqişə vəziyyətində olan digər dövlətləri də sülhə dəvət etməyi bacarmalıdır.

ABŞ Yaxın Şərqdəki hərbi bazalarından, iqtisadi rıçaqlardan istifadə edərək İsraili, HƏMAS və “Hizbullah”ı danışıqlar masasına əyləşdirərək toqquşmanı dayandıra bilər. Ancaq tərəf seçmək münaqişənin daha uzun müddət davam etməsinə yol açır. Bu isə qeyd etdiyim kimi, yeni itkilər və əlavə xərclər deməkdir”.

Nəsimi Ələsgərli

COP29