ABŞ-nin “kölgə kəşfiyyatı”nın YERSİZ İDDİASI: “Azərbaycanın qlobal səviyyədə özünü hədəfə gətirməsi…”

“Azərbaycan problemin həllinin necə mümkün olduğunu praktikada nümayiş etdirdi”.

Bu fikirləri ABŞ-nin məşhur “Stratfor” analitik mərkəzinin yayımladığı yeni analizdə yer alan “Azərbaycan Ermənistanı sülh sazişinə məcbur etmək üçün onu nisbətən kiçik ərazi müdaxilələri və sərhədyanı atəşə məruz qoyacaq” iddialarına münasibət bildirən politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə özünün əleyhinə çevriləcək addımlar atması istisnadır:

“Bildiyiniz kimi, vaxtilə münaqişənin dinc yolla həllinə istər qlobal, istərsə də regional səviyyədə süni əngəllər yaradılırdı. Dünyaya ağalıq etmək uğrunda rəqabət aparan böyük dövlətlər vasitəçi qismində otuz ilə yaxın müddətdə Qarabağ probleminin Bakının istədiyi formada həll yolunun olmadığını bildirirdilər.

Azərbaycan isə problemin həllinin mümkün olduğunu praktikada nümayiş etdirdi. Digər tərəfdən, Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin və dayanıqlı sabitliyin bərqərar olması üçün region ölkələri arasında əməkdaşlığın zəruriliyini hər zaman önə çəkir.

O baxımdan, müxtəlif mərkəzlərin Azərbaycana yönəlik bu kimi iddiaları tamamilə əsassızdır. Çünki Azərbaycanın indiki vəziyyətdə sadəcə, Zəngəzur dəhlizi üçün qlobal səviyyədə özünü hədəfə gətirəcək addımlar atması istisnadır”.

Nəsimi Ələsgərli