ABŞ-nin sülh müqaviləsi ilə bağlı YANAŞMASI: “Azərbaycanın maraqları nəzərə alınmalıdır”

“ABŞ-dəki seçkilərin nəticələri dünyadakı proseslərə öz təsirini göstərəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

Siyasi təhlilçi ABŞ-də keçirilən prezident seçkilərindən sonra Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı aktor rolunda çıxış etmək istəməsi ilə bağlı yayılan informasiyaları şərh edib.

M. Bünaydlıya görə, Azərbaycan-Ermənistan münasibətlərinə gəldikdə bu məsələyə Cənubi Qafqaz kontekstində baxmaq lazımdır:

“Ümumən isə seçkilərdən sonra ABŞ-nin Cənubi Qafqazla bağlı siyasətində elə də ciddi dəyişikliyin olacağını gözləmirəm. Bu siyasət davam edəcək. Çünki son günlər Gürcüstanda baş verən proseslər onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı davam etdirəcək”.

Analitikin fikrincə, ABŞ təbii ki, Ermənistan-Azərbaycan münasibətlərində sülhün əldə olunması üçün səylərini bundan sonra da davam etdirməyə çalışacaq:

“Yəni Vaşinqton özünün aktor rolunu davam etdirib sözügedən imkanı əldən verməməyə çalışacaq. Hətta Rusiya və ABŞ arasında bu məsələdə hansısa formada əməkdaşlıq da ola bilər. Bəzən seçkilərdə belə bəyanatlar olur və bu barədə zaman-zaman eşitmişik. Bu məsələlər seçkilərə hesablanmış məsələsidir. Hətta ermənilərin özləri də hər 2 namizəddən narazılıqlarını bildirdilər. Lakin erməni lobbisinin təhdidlərindən sonra hər 2 namizəd artıq mesajlar verməyə başladılar”.

Onun sözlərinə görə, erməni lobbisi istəsə də, istəməsə də Vaşinqtonun Azərbaycanın maraqlarını nəzərə almadan burada davamlı sülhü bərpa etməsi qeyri-mümkündür:
“Yəni ki, Azərbaycanın maraqları nəzərə alınmalıdır, hansı ki, ABŞ bunu dolayı yolla da nəzərə alır. Vaşinqton bunu ifadə etməsə də, Azərbaycanın maraqlarını nəzərə alıb və alacaq da. Ola bilsin ki, Ermənistanın maraqlarını qorumaq baxımından Azərbaycana təzyiq edə bilər. Lakin bu təzyiqlər son nəticəyə təsir etməyəcək”.

Rafi Müslümov

COP29