ABŞ-nin sülh PLANI: “Saziş imzalansa, Rusiya buna qıcıqlanacaq”

“ABŞ-nin vasitəçiliyi ilə sülh müqaviləsi imzalansa, Rusiya buna qıcıqlanacaq”.

Bu sözləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ABŞ-də görüşünü Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, rəsmi Bakı ABŞ-nin vasitəçiliyi ilə sülh müqaviləsinə razılıq versə, ABŞ çox xoşbəxt olar.

“Məsələyə geniş baxanda, 13-14 bənd razılaşdırılıb. Bu, imzalansa, ziyan olmaz. Heç bunun adını sülh müqaviləsi də qoymaq olmaz. İlkin anlaşma demək mümkündür. Eyni zamanda, cari işlərlə – delimitasiya, demarkasiya ilə məşğul olmaq olar”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı əlaqədən başqa Ermənistanla Türkiyə arasındakı əlaqələr məsələsi də var.

“Türkiyə Azərbaycanın istəyinə uyğun olaraq bu münasibətləri tənzimləmir. Qərb çox istəyir ki, Türkiyə bu münasibətləri tənzimləsin. Siyasi, iqtisadi, regional baxımdan, Türkiyə bunu istəyər. Ancaq Azərbaycan xahiş edir ki, Ermənistanla Azərbaycan münasibətləri tənzimlənəndən sonra Türkiyə bu addımı atsın. Tərəzinin bir gözündə Azərbaycanın, digər gözündə isə Türkiyənin maraqları var. Hərçənd ki, Azərbaycanın maraqları həm də Türkiyənin maraqları deməkdir.

Hər şey Azərbaycanda asılıdır. Əgər rəsmi Bakı razılıq versə, ABŞ çox xoşbəxt olar, Bayden hökuməti deyər ki, bizim dövrümüzdə uzun müddət həll edilməmiş Ermənistan-Azərbaycan münaqişəsi ABŞ-nin vasitəçiliyi ilə həllini tapıb.

Digər tərəfdən, Rusiya buna qıcıqlanacaq. Azərbaycan hansı seçimi edəcək görəcəyik”, – deyə o bildirib.

Səxavət Məmməd

COP29