ABŞ-nin Suriyadakı NİYYƏTİ: “PYD/YPG vasitəsi ilə Türkiyəyə təsir göstərməyə çalışır”

“Ümumiyyətlə, Suriyada baş verən hadisələr çox geniş tarixi dövrü əhatə edir. Uzun illərdir ki, Qərb regionla bağlı təhlükəli planlar qurur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Qərbin Suriya üzərindən üç hədəfə nail olmaq istəyi mövcuddur:

“İlk sırada Suriyanın təbii sərvətlərini istismar edib imperializmin klassik ənənəsini davam etdirmək planı dayanır. Bunun üçün də onlar Bəşər Əsəd hökumətinin uzaqlaşmasına çalışırlar. Digər tərəfdən, Qərb Əsəd qüvvələrini dəstəkləyən PYD/YPG kimi separatçı kürd terror təşkilatlarına da dəstək versə də, həm də PYD vasitəsi ilə Türkiyəyə təsir göstərməyə çalışır. Onlar Türkiyənin müstəqil xarici siyasət meyarlarının qarşısını almaq istəyirlər. Bunun üçün də Türkiyəni təhdid edən PYD kartını əllərində saxlayırlar. Digər bir məqsəd isə Qərbin Suriya ərazisində özü üçün hərbi istehkamların sayını çoxaltmaq arzusudur. Belə ki, Qərb İran və Rusiyayönümlü qüvvələri Suriya ərazisindən uzaqlaşdırmağa fürsət axtarır”.

Politoloq Suriya böhranının Cənubi Qafqaza təsirindən də danışıb:

“Böhran iqtisadi baxımdan dünya üçün ciddi təhdidlər yaradır. Suriyadakı hadisələr bizim düşündüyümüzdən də ciddidir. Çünki yenidən burada aktiv döyüş əməliyyatları bərpa olunub və Suriya hadisələri ətrafında normal, konkret əməkdaşlıq meyarı formalaşmır. Suriya böhranını həll etmək üçün səmimi niyyətlər yoxdur. Ona görə ki, Suriya problemi ilə məşğul olan beynəlxalq güclərin hər birinin öz ambisiyaları var və bütün bunlar Suriya ərazisində qlobal həmrəyliyə zərbə vurur. Sonrakı hadisələrin gedişatına gəldikdə isə düşünürəm ki, proseslər eyni addımla davam edəcək. Təbii ki, vəziyyətin daha da gərginləşməsi həm region, həm də digər dövlətlər üçün müsbət deyil”.

Mayıl Soltanov