“ABŞ Türkiyə ordusunun gücdən düşməsində maraqlı olub”.
Bu sözləri Suriyada baş verən proseslər, Türkiyənin atdığı addımlar və gözlənənləri Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, Suriya proseslərində Türkiyə istədiyinə nail olacaq:
“Türkiyə bir il öncə Suriya əməliyyatı ilə bağlı anons vermişdi. Bununla bağlı ABŞ-nin, Rusiyanın, İranın neqativ yanaşmaları oldu. Türkiyə həm sərhədlərinin təhlükəsizliyini təmin etmək, həm də kürd dövlətinin yaranmasının qarşısını almaq istəyirdi.
Türkiyənin bölgədə aktivliyi artıb. Trampın prezident səlahiyyətlərini icra etməsindən sonra proseslər çətinləşəcək. Ona görə də hər kəs qısa zamanda özünə pay götürmək istəyir. Trampın əsas hədəfi qaynar ocaqların söndürülməsi və ABŞ-ni iqtisadi cəhətdən böyütməkdir. Tramp Çinlə mübarizə aparmaq üçün güclü iqtisadiyyat qurmalıdır”.
Analitik əmindir ki, Suriyada Qətərin rolu çox böyükdür və Qətərin maliyyə dəstəyi Türkiyənin əl-qolunu açır:
“Bundan əlavə, Qətər qazının Suriyadan keçməsi Türkiyənin İran və Rusiyadan asılılığını da aradan qaldırmış olacaq. Suriyada olan proseslərə İranın, Rusiyanın, İsrailin təsiri də var idi. Eyni zamanda, erməni lobbisi də böyük maliyyə yardımı edirdi. Türkiyədə erməni dərnəkləri də Suriyadakı proseslərə maliyyə yardımı göstərirdi. Fikrimcə, Suriyada seçkilərin keçirilməsi üçün Suriya vətəndaşları öz ölkələrinə qayıtmalıdır. Abdullah Gülün (Türkiyənin eks-prezidenti – red) vaxtında 30 mindən çox erməni qeyri-qanuni olaraq Türkiyəyə köçürülmüşdü. Türkiyədə sənədsiz ermənilərin sayı 100 mini keçib”.
“Türkiyə stabil Suriya görmək istəyir. Tramp da bəyanatla çıxış edərək bildirdi ki, Suriyanın açarı Türkiyənin əlindədir. Tramp əlavə olaraq qeyd etdi ki, müharibələrə baxmayaraq Türkiyə ordusunu döyüşə hazır vəziyyətdə saxlaya bildi. Bu, o deməkdir ki, ABŞ Türkiyə ordusunun gücdən düşməsində maraqlı olub. Hətta ABŞ-nin Türkiyə ordusunun dağılmasında, dövlətin parçalanmasında marağı olub”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd