Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü də başa çatdı. Görüşdən dərhal sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış etdilər. Bəyanatda vurğulandı ki, görüş gedişində prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq naminə əlavə addımlar atmağa razılaşıblar.
Görəsən, bu mənada sözügedən görüşü problemin həlli istiqamətində irəliyə doğru addım adlandırmaq olarmı?
Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, bu tip bəyanatlarla ümidverici nəticələr çıxartmaq doğru deyil:
“Danışıqların davam etməsi üçün mütləq mənada cəbhə xəttində gərginlik səngiməlidir. Gərginlik səngimədən danışıqlar aparmaq mümkün deyil. Bunun üçün tərəflər gərginliyin zəiflədilməsi və bir növ atəşkəsə riayət edilməsi üçün öhdəlik götürməlidirlər. Amma bu da indiki şəraitdə Azərbaycana qətiyyən lazım deyil. Ona görə ki, bu növbəti rus və erməni fırıldağıdır və əsasən də zaman qazanmağa xidmət edir. Ermənistanın 2015-ci ildən üzü bəri danışıqları sabotaj etməsinin nəticəsidir ki, artıq Azərbaycan üçün müharibənin başqa bir alternativi qalmayıb. Ona görə də ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlətlər münaqişə tərəflərini danışıqlar masası arxasında məşğul etməklə regionda yeni bir savaşın baş qaldırmasının qarşısını almağa çalışırlar. Prosesdə konkret hansısa siyasi nəticənin olmasını gözləmək də əbəsdir.
Çünki münaqişə tərəflərinin fikirləri arasında hər hansı bir diametral yaxınlaşma yoxdur. Ermənistan prezidenti Sarkisyan BMT Baş Assambleyasındakı son çıxışında birmənalı şəkildə dünyanın gözünün içinə baxaraq, həyasızcasına elan etdi ki, Dağlıq Qarabağa müstəqillikdən başqa alternativ yoxdur və bu yöndə İrəvan hər hansısa bir güzəştə getməyəcək. İkinci bir tərəfdən, nəzərə alaq ki, hazırda Avropada da separatizm dalğası güclənib. Bir çox Avropa ölkələrində bəzi bölgələrin müstəqil subyekt olması uğrunda ciddi mübarizə gedir. İspaniyada Kataloniya, Böyük Britaniyada isə Şotlandiya, Şimali İrlandiya məsələsi ciddi şəkildə gündəmi zəbt edib. Separatizm dalğası elə bir rüşeyimdir ki, onu hara atsan dərhal cücərəcək. Separatizm Avropa üçün də gördüyümüz kimi böyük təhlükə törədir.
Belə olan təqdirdə, Avropa ölkələri, bütövlükdə Qərb dünyası xalqların öz müqəddəratını təyinetmə prinsipindən vaz keçmək məcburiyyətindədir. Bu da təbii ki, Azərbaycanın əlini gücləndirdiyi kimi, Ermənistanın və onun havadarı Moskvanın da mövqelərini zəiflədir. Ermənistanın bu fonda mövqeyinin zəif olduğu və Qarabağa müstəqillik qazandırmaq imkanının olmadığı bir şəraitdə kim düşünə bilər ki, İrəvan güzəştə gedəcək və problem həll olunacaq.
Ona görə də bu məsələdə mövcud şəraitdə Minsk qrupu həmsədrlərinin verdiyi bəyanatlarla uzağa gedən nəticələr çıxartmaq doğru deyil. Ayrıca Rusiyada 2018-ci ilin martında prezident seçkiləri olacaq. Bu fonda Moskva ABŞ-dakı son prezident seçkilərinə problem yaratdığı kimi, əmin olun ki, Vaşinqton da Rusiyaya ciddi problemlər yaradacaq. Artıq Rusiya bölgələrində ciddi siyasi etirazlar dalğasına start verilib. Burada demokratik cəbhə toparlanmağa başlayıb. Moskva da bu baş ağrısından qurtulmaq üçün ciddi surətdə hərəkətə keçərək, demokratik hərəkatı zərərsizləşdirmək üçün əlindən gələni edəcək. Bu da o anlama gəlir ki, indilikdə Dağlıq Qarabağ problemi Rusiyanın nə gündəmində, nə də xarici siyasətində olan prioritet məsələ deyil. Belə olan halda problemin həll olunacağını necə düşünmək olar?
Onu da deyim ki, növbəti danışıqların bütün konturları Sarkisyanın Rusiya prezidenti Putinlə son Soçi görüşündə cızılıb. Sarkisyan məhz bu plan çərçivəsində hərəkət edəcək ki, nəticədə də prosesdə heç bir siyasi nəticə əldə olunmayacaq. Sadəcə, Ermənistan növbəti dəfə zaman qazanmağa çalışacaq. Ona görə də düşünürəm ki, hazırda problemin həlli üçün o qədər də münbit mühit yoxdur. Ayrıca Cenevrə danışıqlarının təşəbbüskarı olan Vaşinqtonun da problemin həlli üçün ayırmağa artıq enerjisi yoxdur.
Çünki ABŞ Yaxın Şərqdə elə bir bataqlığın içinə girib ki, istədikləri nəticəni almadıqlarından Suriya və İraqda vurnuxmaqla məşğuldur. Ona görə də ABŞ bu problemlər varkən Dağlıq Qarabağın həlli üçün əlavə zaman sərf etməyəcək. Buna əmin ola bilərsiniz”.
ELÇİN