ABŞ Qrenlandiya üçün HƏRƏKƏTƏ KEÇDİ – Rusiya və Çin ETİRAZ EDİR

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyi dövründə atacağı ilk addımı açıqlayıb: Qrenlandiyanı Amerikanın tərkibinə qatmaqla yükdaşımalarda dünyada üstünlük əldə etmək. Bu layihə isə əsas yükdaşımalarını Qrenlandiya üzərindən həyata keçirən Çinin narazılığına səbəb olub. Rusiya isə Amerikanın ərazilərinin böyüməsindən narahatdır. ABŞ Nümayəndələr Palatasında “Böyük Qrenlandiya MGGA” qanun layihəsi hazırlanmış və bu layihə palatada qəbul edilib.

Proses necə baş verəcək? ABŞ Qrenlandiyanı öz tərkibinə qata biləcəkmi?

Bu barədə Milli Məclisin deputatı Naqif Həmzəyev Yenicag.az -a açıqlamalar verərək öz proqnozlarını dəyərləndirib.

Deputatın fikrincə Qrenlandiya ABŞ-ın ilk hədəfidir və son ərazi hədəfi olmayacaq:

“Artıq heç kəsə sirr deyil ki, dünya nizamı yenidən formalaşdırılır və bu proseslərdə Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp ən aktiv iştirakçılardan biridir. Faktiki olaraq Amerikanın Bayden hökuməti dönəmində ABŞ-nin itirdiklərinin fonunda Trampın bu boşluqları doldurması, xüsusilə də Amerikanın çevrəsində olan bir çox strateji əraziləri tam nəzarətə götürməsi ilə nəticələnəcəyinə hesablanıb. Xüsusilə Qrenlandiyanın ilkin olaraq ABŞ-nin nəzarətinə keçməsi və ya onların bu ərazilərdən istifadə etməsinə icazənin alınması ilə bağlı Danimarka ilə artıq danışıqların başlanacağına şübhə yoxdur. Danimarkanın hökuməti də danışıqların başlanması ilə bağlı açıqlama verməsi mediada tirajlanıb. Bir sözlə, Tramp yaxın 4 il ərzində Amerikanın ətrafında olan strateji əraziləri, xüsusilə də nəqliyyat dəhlizlərini tam nəzarəti altına keçirmək istəyir. Ən böyük rəqibi olan Rusiya və Çinlə gələcəkdə baş tuta biləcək istənilən toqquşmalara hazır olmaq istəyir ancaq bütün bu proseslərə qədər iqtisadi gücünü daha da artırmaq, xüsusilə də nəqliyyat dəhlizlərini tam nəzarətə götürmək istəyir. Bununla əlaqədar olaraq da mən düşünürəm ki, Qrenlandiyanın ABŞ-a tərəfindən istifadə edilməyinə razılıq verilməsi tezliklə reallaşacaq”.

Deputat hesab edir ki, ABŞ-nin növbəti hədəfi Kanada və Panamanı öz tərkibinə qatmaq olacaq:

“ABŞ-nin növbəti hədəfi Kanada və Panama məsələsi mərhələli şəkildə həll ediləcək. Bu məsələlərin həll edilməsi zamanı digər beynəlxalq güclərin hansı mövqe sərgiləyəcəyi hələ tam bəlli deyil, xüsusilə də Panama kanalı ilə bağlı yəqin ki, böyük mübarizə olacaq, ancaq Kanada məsələsində də Amerikanın əli çox güclüdür və burada da Amerika istədiyini əldə edəcəkdir. Çünki faktiki olaraq Kanadanın iqtisadiyyatı Amerikadan asılı vəziyyətdədir və indiyəcən 1 dövlət kimi onlarla birlikdə hərəkət ediblər. Ona görə də, zərürət yaranacağı təqdirdə Amerika Kanada məsələsini həll edəcəkdir”.

Onun fikrincə, ABŞ Qrenlandiyanı asanlıqla əldə etmək imkanına malik olsa da növbəti hədəfi Kanada və Panama olarsa böyük ölkələrlə qarşı-qarşıya gələ bilər:

“Panama məsələsində isə yəqin ki, Çinin böyük təzyiqi olacaq. Əgər bu məsələdə Amerika öz istədiklərini əldə etsə o zaman Çin öz yükdaşımalarıda böyük problemlərlə üzləşə bilər, bu halda qiymətlərin artımı da baş verə bilər. İstənilən halda biz prosesləri yaxından izləməliyik, hələlik hədəfdə Qrenlandiya məsələsidir. Bu məsələnin də həll edilməsi daha çox Rusiyaya daha yaxın əraziləri nəzarətə götürmək və bir çox məsələləri öz nəzarəti altına alması deməkdir. İstənilən halda, faktiki olaraq Şimal qütbü Rusiyanın tam nəzarətindədir, Amerika isə buna güzəştə getmək istəmir. Buna görə də Qrenlandiya ərazilərinin Amerika tərəfindən istifadəsi onlar üçün çox vacibdir və eyni zamanda, məlumdur ki, o torpaqlarda çox böyük mineral yataqlar, faydalı qazıntılar var və Tramp bu əraziləri gələcək nəsil üçün miras buraxmaq istəyir”.

Nurlan Cəfəri