Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ-Rusiya qarşıdurması Cənubi Qafqaza keçir: “Müharibə ovqatı güclənəcək” – Ekspert

ABŞ-ın NATO-nu Rusiyanın cənub sərhədlərinə doğru genişləndirmək istiqamətində ardıcıl addımları Cənubi Qafqazı iki fövqəldövlətin nüfuz poliqonuna çevirir.

Yenicag.az xəbər verir ki, Gürcüstanda təşkil olunan NATO təlimlərini izləmək üçün qonşu ölkəyə gələn ABŞ-ın vitse prezidenti Maykl Pensin rəsmi Tiflisin Şimali Atlantika blokuna qoşulmaq niyyətini Ağ Evin dəstəklədiyini açıq şəkildə bəyan etməsi Amerika-Rusiya qarşıdurmasında yeni “cəbhə”nin açılmaq ərəfəsində olduğunu göstərir.

Əslində, Pensin Baltikyanı ölkələrə və Gürcüstana səfəri faktiki olaraq, Rusiyaya açıq mesaj kimi qiymətləndirilirdi. ABŞ vitse-prezidentinin Baltik sahillərindən verdiyi bəyanatlar isə Rusiyanın yaxın qonşularına yönələn təhdidlərinin cavabsız qalmayacağına əminlik yaradır:

“Rusiya NATO üzrə müttəfiq ölkələr üçün təhlükə kəsb edir və ABŞ əlindən gələni edəcək ki, bu təhlükənin qarşısını alsın. Biz blokun “NATO üzvlərindən birinə təcavüz bütün NATO-ya hücumdur” müddəasını tam dəstəkləyirik. Rusiyanın destruktiv hərəkətləri, Ukraynada törətdikləri və cinayətkar rejimlərə dəstəyi qəbul edilə bilməz”.

Pens Rusiyaya qarşı kəskin ritorikasını Tiflisdə də davam etdirib. Gürcüstanı ABŞ-ın strateji tərəfdaşı adlandıran Pens Tiflisin NATO-ya üzvlük niyyətinə tam dəstək verəcəklərini bildirib:

“Biz Gürcüstanda təhlükəsizliyin təmin olunmasına istiqamətlənmiş səylərimizə sadiqik. ABŞ Gürcüstanla münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə hazırdır”.

ABŞ-ın vitse-prezidentinin qonşu Gürcüstandan Rusiyanı hədəfə alması Cənubi Qafqaz regionunda bu iki böyük dövlətin qlobal nüfuz müharibəsinin yeni “cəbhə”sinin açılması anlamına gəlir. Ağ Evin yeni sanksiyalar tətbiq etməsindən daha da qəzəblənən Rusiyanın ABŞ-a qarşı aqressiyası xeyli güclənib. Rusiya rəhbərliyinin son bəyanatlarına baxdıqda da açıq görünür ki, Moskva Vaşinqtonun bütün addımlarına qarşılıq verməyə çalışacaq.

Bölgədəki vəziyyətin mürəkkəbliyini və son dərəcə həssaslığını nəzərə alsaq, ABŞ-Rusiya qarşıdurmasının Cənubi Qafqazda açıq təzahürünün region üçün riskli perspektivə yol açdığı şübhə doğurmur.

Müzakirə olunan məsələni Yenicag.az-a şərh edən politoloq Aydın Quliyev bu fikirdədir ki, ABŞ-Rusiya qarşıdurmasının daha da güclənməsi və artıq Cənubi Qafqaz regionuna keçməsi qlobal rəqabəti təhlükəli mərhələyə keçirir:

“Öncə onu qeyd edim ki, ABŞ qlobal miqyasda illər öncə planlaşdırdığı ənənəvi siyasəti nəzərdə tutduğu qaydada həyata keçirtməkdədir. Yəni Obamaya ötürülən estafet bu gün Tramp tərəfindən davam etdirilir.

Diqqətlə baxsaq görərik ki, ABŞ SSRİ-nin dağılmasından sonra nüfuz coğrafiyasını Şərqi Avropa və postsovet məkanına doğru genişləndirmək strategiyasını uğurla icra edib.

Hər halda, postsosialist ölkələrinin, o cümlədən, Litva, Latviya və Estoniyanın NATO-ya, Avropa İttifaqına daxil edilməsi bu fikirlərin təsdiqidir. Eyni zamanda, Ukrayna, Gürcüstan və Moldovada da Qərbyönümlü siyasi kurs üstünlük təşkil edir.

Rusiyanın ABŞ-ın şərqə doğru genişlənmək cəhdlərinin qarşısının beynəlxalq hüquqa zidd formada, Ukrayna və Gürcüstan ərazilərini işğal etməklə qarşılıq verməsi, həmçinin Suriyada və Yaxın Şərqdə itirilmiş mövqelərini bərpa etməyə çalışması bu iki ölkə arasında qarşıdurmanı şərtləndirən əsas amildir.

O baxımdan, ABŞ-ın vitse-prezidenti Maykl Pensin Baltik ölkələri ilə yanaşı Gürcüstana da səfəri Ağ Evin yuxarıda vurğuladığım siyasi kursunu davam etdirmək qətiyyətinin göstəricisi sayıla bilər.

Pensin Tiflisdə verdiyi bəyanatlar məzmununa görə və Cənubi Qafqazdakı proseslərin mümkün inkişafı haqqında təsəvvür yaratmaq baxımından, çox əhəmiyyətlidir. ABŞ Pensin timsalında Rusiya ilə az qala müharibə vəziyyətində olan Gürcüstana açıq dəstək verməklə, regionda möhkəmlənmək niyyətini də təkrar ortaya qoydu.

Eyni zamanda, Rusiya da qlobal mübarizədə əsas rəqibi olan ABŞ-ın postsovet məkanında möhkəmlənməsinin qarşısını almaq üçün imkanları çərçivəsində müqavimət göstərməyə çalışır. Yəni qlobal güclərin güzəştsiz mübarizəsi yenidən vüsət alıb və hələlik, qarşılıqlı ritorikanın sərtləşməsi ilə müşayiət olunur.

Bildiyiniz kimi, Cənubi Qafqaz dünyanın ən əhəmiyyətli 6 regionundan biridir. Bölgə ABŞ-Rusiya qarşıdurmasının meydanına çevrilmədən də çox sayda konfliktlərlə zəngindir.

İki böyük dövlətin nüfuz müharibəsinin bu regionda açıq xarakter alması bölgə üçün yaxşı heç nə vəd etməməklə yanaşı, böyük müharibə ovqatını da gücləndirir. Ancaq yenə də ümid edək ki, tərəflər vəziyyətin gərginləşməsinə deyil, normallaşdırılmasına səy göstərəcəklər”.

A.Zeynalov
Yenicag.az

www.yenicag.az

922
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100