“Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ-a güvənməməsi Ankaranın Rusiyadan ən yeni hərbi texnologiyaları əldə etməsinə yol açır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri ABŞ və Rusiya arasında gərginliyin artması fonunda Ankara-Moskva əməkdaşlığının yeni səviyyəyə qalxmaq imkanlarını dəyərləndirən türkiyəli politoloq Salih Yılmaz deyib.
Salih Yılmazın sözlərinə görə, yaranmış situasiya Türkiyənin nüvə dövlətinə çevrilməsi imkanlarını artırır:
“ABŞ-ın postsovet ölkələri ilə münasibətləri yaxşılaşdırmaq cəhdləri Moskva ilə Vaşinqton arasında yeni böhran yarada bilər. Bu çərçivədə ilk olaraq, Gürcüstan, Ukrayna, Ermənistan, Belarus və Qazaxıstan ərazilərinin ABŞ-Rusiya qarşıdurmasının yeni müstəvisinə çevrilməsi mümkündür.
ABŞ NATO-nun imkanlarından istifadə edərək, Pribaltika, Şimal Buzlu Okean, Asiya-Sakit Okean və Qara dəniz-Aralıq dənizi regionlarında şəraiti tam nəzarətə götürməyi düşünür.
Qeyd olunmalıdır ki, ABŞ-Türkiyə münasibətlərində mövcud olan problemlər Vaşinqtonu Qara dəniz, Aralıq dənizi, Qafqaz və Orta Asiya regionlarında yürüdülən siyasətlərdə Ankaranın dəstəyindən imtinaya sövq edə bilər.
Belə bir şəraitdə Türkiyə-Rusiya dərinləşən münasibətləri gələcəkdə birgə raket istehsalını, o cümlədən, Türkiyənin özünün müstəqil şəkildə yaxın və orta mənzilli raketlər istehsal etməsini stimullaşdırar.
Eyni zamanda, Türkiyənin ABŞ və NATO-ya yönəlik etimadsızlığı belə düşünməyə əsas verir ki, Ankara Moskva ilə hərbi əlaqələrini genişləndirməyə, ondan ən yeni hərbi texnologiyaları əldə etməyə və nüvə dövlətinə çevrilməyə can atacaq.
ABŞ-ın Türkiyəni Ukrayna, Gürcüstan və Ermənistana təsir üçün əməkdaşlığa cəlb etmək niyyəti isə nəticəsiz qalacaq”.
A.Zeynalov