ABŞ-Rusiya yaxınlaşmasında Çin FAKTORU – Ukraynaya yeni ALTERNATİV?

“Nə Avropa, nə ABŞ Ukraynanın parçalanmasına, eləcə də ərazi bütövlüyü ilə bağlı narahatlığa imkan verməyəcək”.

Bu fikri Rusiya-Ukrayna müharibəsinin gedişi, habelə Ukraynanın təhlükəsizlik qarantı almaq üçün atdığı addımları Yenicag.az-a dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

O, bildirib ki, ABŞ ilə Rusiyanın yaxınlaşması Çini narahat edir:

“Tramp prezident seçiləndə dedi ki, müharibəni 2 həftəyə həll edəcək. Ancaq sonra bu iki aya qalxdı. Trampın əlində sülh bağlamaq üçün kart yoxdur. Zelenski istədi ki, qarantiya alsın, ancaq Tramp bundan imtina etdi. Avropa liderləri bildirdilər ki, Ukraynanın yanındayıq. Böyük Britaniya 2.5 milyardlıq kredit ayırdı”.

Hərbi ekspertin fikrincə, Ağ Evdə yaşananlardan sonra ABŞ-də keçirilən sorğularda insanlar 74 faiz Zelenskini dəstəkləyib:

“ABŞ Ukraynanın parçalanmasına imkan verməyəcək. Zelenskinin Çini vasitəçi kimi dəvət etməsi siyasi gedişdir. Çin ABŞ ilə Rusiyanın yaxınlaşmağından narahatdır. Zelenski Çini dəvət etməklə həm də ABŞ-yə mesaj verir ki, alternativimiz var. Avropada bəzi ölkələr hesablayıblar ki, Ukraynanın tam şəkildə silah istehsalını bərpa etmək üçün 4 milyard lazımdır. Ukraynanın hazırda döyüşməyə silahları var. Nə Avropa, nə ABŞ Ukraynanın parçalanmasına, ərazi bütövlüyü ilə bağlı narahatlığa imkan verməyəcək”.

Səxavət Məmməd