ABŞ səfirinin Şuşaya gedişinin PƏRDƏARXASI: “Bura Afrika, ya da işğal etdikləri digər ölkə deyil!”

““Özünü “demokratiyanın beşiyi” elan edib, dəfələrlə demokratiyanı pozan, özünü dünyanın hegemonu sayan dövlət səfirinin Azərbaycanın daxili işlərinə qarışmağa qəti haqqı yoxdur”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin Şuşaya ermənilərin qaytarılması ilə bağlı sosial media paylaşımını şərh edən politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, səfirin Şuşaya gedişinin bir xətası çıxacaqdı ki, artıq bu, sosial media hesabında müşahidə edilib.

“O, hər zaman “Dağlıq Qarabağı” tanımaq istədiklərinin mesajını verib. İndi Şuşaya gedişinin də pərdəarxasında müəyyən amillər var.

İlk öncə nəzərə almaq lazımdır ki, Şuşa əhalisinin 95%-ni türklər təşkil edib. Sonradan isə təxminən 500-600 erməni oraya köçürülüb. Maraqlı məqamlardan biri isə Libbinin Şuşaya getdikdən sonra belə bir paylaşımıdır. Bakıda səsləndirə biləcəklərini niyə məhz Şuşa səfərindən sonra deyib? Onsuz da Bakıda amerkanyönümlü medianın fəaliyyəti mövcuddur”, – deyə politoloq bildirib.

Cümşüd Nuriyev qeyd edib ki, səfirin Azərbaycanın daxili işlərinə qarışmasına ixtiyarı yoxdur:

“Bu, Vyana konvensiyasının 49-cu maddəsində də açıq-aşkar bildirib. Maddənin tələblərinə görə, səfirin diplomatik toxunulmazlığı var, ancaq fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə qarışmaq hüququ yoxdur. Bura Afrika, ya da işğal etdikləri digər ölkə deyil! Bir sözlə, özünü “demokratiyanın beşiyi” elan edib dəfələrlə demokratiyanı pozan, dünyanın hegemonu sayan dövlət səfirinin Azərbaycanın daxili işlərinə qarışmağa qəti haqqı yoxdur. Əks halda, Azərbaycan XİN məsələni ciddiləşdirməli, həmin səfir isə persona-non-grata elan edilməlidir”.

Nəsimi Ələsgərli

COP29