ABŞ senatoru HƏMAS-ın yeni liderini ölümlə hədələdi

ABŞ Respublikaçılar Partiyasının senatoru Lindsey Qraham HƏMAS-ın yeni Siyasi Bürosunun rəhbəri Yəhya əs-Sinvarı öldürməklə hədələyib.

Yenicag.az xəbər verir ki, o, bu barədə Amerikanın “Fox News” telekanalına müsahibə verib.

O, bildirib ki, Respublikaçılar Partiyası 2024-cü il ABŞ prezident seçkilərində qalib gəlsə, HƏMAS-ın yeni siyasi lideri Sinvarı “mühakimə etməkdənsə öldürmək” niyyətindədirlər.

ABŞ Ədliyyə Nazirliyinin HƏMAS-ın 6 liderinə qarşı iddianamə hazırlandığını açıqlamasına münasibət bildirən Qraham, “Biz burada cinayətlə mübarizə aparmırıq. Sinvar Ədliyyə Naziri Merrik Garland tərəfindən mühakimə olunmağın vecinə deyil. Günləriniz sayılıdır. Dostum, səni mühakimə etməyəcəyik, səni öldürəcəyik”,- deyib.

Sərt açıqlamaları ilə tanınan Cənubi Karolina senatoru Qraham ABŞ-nin keçmiş prezidenti Donald Trampın Yaxın Şərq siyasətini tərifləyərək, Amerikanın “çəkindirici gücünü itirdiyini” və prezident Co Bayden və onun müavini Kamala Harrisdən “heç kim qorxmadığını” bildirib.

Qraham qeyd edib ki, Tramp iranlı general Qasım Süleymanini İraqda amerikalıları öldürmək planının qarşısını almaq üçün “İranı maksimum iqtisadi təzyiqlə tələyə salıb və Süleymanini məhv edib”./unikal

COP29