İyunun 28-i prezident seçkiləri kampaniyasında Donald Tramp və Co Bayden arasında ilk debat baş tutdu. Debat izləyicilər olmadan keçirilirdi və onu CNN telekanalı təşkil etmişdi.
Debat bir neçə ay öncə Co Baydenin dəvəti ilə təşkil olunmuşdu. Bayden Trampı debatda məğlub edərək, onun imicinə ciddi zərbə endirmək istəyirdi. 2020-ci ildə baş tutan debatda Bayden bunu bacarmışdı. Lakin budəfəki debat demokratlar üçün istənilən kimi getmədi.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalının “Amerika gerontokrasiyası və ilk debat” adlı analitik məqaləsində qeyd olunub.
Kanalın analitiklərinin fikrincə, Baydenin çıxış zamanı danışmağa çətinlik çəkməsi və hətta bəzən aqressivləşərək, Trampı təhqir etməyə başlaması onun zəif olduğu görüntüsünü yaratdı.
“Tramp bir-sıra populist və hətta yalan olan fikirlər səsləndirsə belə, o bütün bu fikirləri cəsarətlə, gümrahcasına ifadə edirdi və özünə əmin idi. Buna görə də Bayden Trampın yalanlarını belə ona qarşı istifadə edə bilmədi. Tramp təmkinli idi və bir çox mübahisəli məqamlardan yayınaraq opponentinə qarşı təzyiq edirdi”, – deyə kanal yazır.
Məlumata görə, 1960-cı il Con Kennedi və Riçard Nikson arasında keçirilən debatdan sonra bu debat tamaşaçısız keçən və mövcud prezidentim reytinqinə təsir edən əsas debat olmuşdu.
“Əslində, Amerika cəmiyyəti indi o qədər qütbləşib ki, bu cür debatlar əvvəlki qədər seçicilərin mövqeyinə təsir etmir. Hər şeydən öncə debatdan sonra bir çox demokrat nümayəndələr Co Baydenin kampaniyadan imtina etməsinə çağırış etdi. Bir çoxları isə hesab edir ki, əgər Bayden geri çəkilərsə, bu 1968-ci ildə Vyetnam müharibəsinə görə kampaniyadan ayrılan və namizədlikdən imtina edən Lindon Consondan daha çox zərbə olar. Əslində, hazırda Amerika siyasətində sovetlərin son illərində olan ciddi gerontokratiya (hakimiyyətin qoca adamların əlində olması – red.) hökm sürür. Hər iki partiyada bir sıra gənclər olsa da, partiyalar yaşlı namizədlərdən asılı duruma düşüblər”, – deyə məqalədə bildirilib.
Kanal əlavəsinə görə, onu da qeyd etmək lazımdır ki, Co Bayden xaraktercə məğlubiyyəti qəbul etməyən, narsist, eqosentrik bir şəxsdir.
“Eyni zamanda, o, həmişə mərkəzdə və gündəmdə olub. Bayden artıq prezidentliyə vahid namizəd üçün partiya daxilində bütün praymerizlərdə qalib gəlib və lazım olan kollegiyaları qazanıb. Eyni zamanda, onun donorları sürətlə artır. O, sadəcə, formal olaraq Çikaqo qurultayında təsdiqlənməlidir. Lakin, əgər yeni namizədlər olacaqsa, bunlar artıq praymerizlərə əsasən, müəyyən edilməyəcək və kollegial məclis kimi istəsə, seçə bilər. Burada isə bir neçə şəxsin adı hallanır: bunlara Qevin Nyusom, Hakeem Ceffiris, Kamala Harris və Mişel Obama aiddir. Ən çox adı hallanan alternativ namizəd isə Kaliforniya qubernatoru Qevin Nyusomdur. Amma Nyusom dünənki debatlardan sonra Baydeni dəstəklədiyini açıqladı”, məlumatda deyilir.
Məqalədə həmçinin vurğulanıb ki, Amerikada 2012-ci ildə demokrat Barak Obama ilə respublikaçı Mitt Romney arasında keçirilən ilk debatda Romney Obamanı məğlub etmişdi:
“Lakin Obama ikinci debata daha yaxşı hazırlaşaraq, Romney qarşısında balansı bərpa etdi və seçkilərdə qalib gəldi. Amma həmin seçkidə Romneyin 81, Obamanın isə 51 yaşı var idi. O seçkidə demokratlar Rusiyaya daha loyal və mötədil münasibət bəslədikləri halda, respublikaçılar isə Rusiyanın düşmən və rəqib elan etmişdilər. Bu həmdə son 12 ildə Amerika siyasətində həm partiyadaxili, həm də ümumilikdə gedən ciddi sosioloji dəyişikliklərdən xəbər verir”.
“İkinci debat sentyabrda olacaq. Sentyabra qədər Trampı məhkəmə prosesləri, yekun hökm gözləyir. Amerika seçiciləri, əslində, hər iki namizəddən narazıdırlar və daha gənc namizəd istəyirlər. Trampın, ümumiyyətlə, mötədil və gənclər arasında reytinqi az idi. Baydenin də səhhətində olan problemlər və özünü idarə edə bilməməsi ilə bağlı görüntülər onları narahat edir. Dünənki debatda isə bu narahatlıq daha da artdı”, – qeyd olunub.
“Tramp bu dəfə 2020-ci ildən fərqli olaraq müdafiədən hücuma keçdi və o dövr olan səhvlərini təkrarlamadı. Bayden Trampı özündən çıxartmaq və onu “şeytanlaşdırmaq” istəyirdi, amma bu, baş tutmadı. Tramp, əslində, debatda yenə də aqressiv idi, amma bunu məharətlə gizlədə bildi. Eyni zamanda, yalan və populist fikirləri həqiqət kimi təqdim edə və ya ən azından bu mövzuda ciddi opponentlikdən yayına bildi. Tramp onun üçün ən təhlükəli mövzu olan və gənclərin ciddi etirazına səbəb olan abort mövzusundan da yayındı və cavab verməyərək bu mövzuda mövqeyini qoruya bildi. İndi demokratlar ya namizədi dəyişməli olacaqlar, ya da gələn seçkiyə qədər Trampı ənənəvi qaydada “şeytanlaşdıraraq” onun mötədil, mərkəzçilərdən səs almasını önləməyə çalışacaqlar”, – analitik məqalədə dərc olunub.
Kanal onu da yazır ki, 2016-cı il seçkilərində Hillari Klintonun məhkəmə prosesi onun yelləncək ştatlarda (Swing state) reytinqinə ciddi təsir etdi:
“Tramp hazırda seçkilərin taleyini həll edən yelləncək ştatlarda mütləq liderdir və dünənki debatlardan sonra reytinqini daha da artıracağı dəqiqdir. Məhkəmə proseslərinin və yekun hökmün onun mötədil, mərkəzçilər arasında eləcə də qadınlar arasında reytinqinə necə təsir edəcəyini zaman göstərəcək. Nə qədər paradoksal və gülməli səslənsə də, Bayden qadınlar arasında müğənni Taylor Sviftə görə böyük reytinqə malikdir. Tramp buna görə Sviftdən narahatdır. Sviftin Baydenə dəstəyi Trampa cənub ştatlarda belə qadınların səsi üçün daha çox çalışmağa vadar edə bilər.
Trampın “hispaniklər”(Amerika qitəsində yaşayan ispan əsilli insanlar – red.) arasında reytinqi artır. Bu baxımdan, o, əgər latın əsilli Rubionu vitse-prezident kimi irəli sürərsə, dəstəyini artıra bilər. Dünənki debat Trampın şanslarını artırdı və bu demokratların daha çox çalışmasına səbəb olacaq. Psixoloji üstünlük respublikaçılar tərəfə keçib və onlar da arxayınlaşmamalıdırlar”.
Rafi Müslümov