“ABŞ Türkiyəni itirmədən kürdlərə dəstəyini davam etdirmək istəyir” – Rusiyalı ekspert

“Vaşinqtonun bu manevrinin özünü nə dərəcədə doğruldacağı regionda gedəcək proseslərdən asılı olacaq”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında ABŞ-ın terrorçu PKK-nın azadlıqdakı 3 liderinin başına iri məbləğdə mükafat təyin etməsindən sonra Vaşinqtonla Ankaranın anlaşmaq imkanlarını dəyərləndirən Rusiyalı politoloq Mehmet Emin İqbal Dürrə deyib.

Dürrənin sözlərinə görə, bu addım ABŞ-ın Türkiyəni itirməmək şərtilə kürdlərə dəstəyi davam etdirmək istəyinin göstəricisidir:
“Son günlər regionda bəzi maraqlı hadisələr yaşanıb və onların təsadüf olduğunu düşünmürəm. ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etsə də, Türkiyə Vaşinqtonun nəzərdə tutduğu məhdudiyyətlərdən kənarda qaldı.

Daha sonra isə ABŞ PKK liderlərinin başına böyük məbləğdə pul mükafatı təyin etdi. Paradoks bundadır ki, ABŞ Türkiyəni itirmədən kürdlərə dəstəyini davam etdirmək istəyir. Vaşinqton həm də kürdlərin PKK ilə assosiasiya edilməyən yeni obrazını yaratmağa çalışır.

Fikrimcə, burada ABŞ-ın məqsədi aydındır. Ancaq sual Vaşinqtonun bu “nömrə”sinin nə qədər effektli olmasındadır. Əgər Türkiyənin seçim imkanı olmasa, o zaman mümkündür ki, Vaşinqtonun planı baş tutsun. Lakin bunun üçün müəyyən müddət gözləmək lazım gələcək.

Ümumiyyətlə, həmin müddətin uzunluğu regiondakı proseslərin, xüsusilə, İdlib və əlbəttə ki İran ətrafında hadisələrin mümkün inkişafından asılı olacaq. İndiki şəraitdə hər şey ola bilər.

Ərdoğanın praqmatik siyasətçi olduğunu nəzərə alsaq, kürdlərlə bağlı yeni açılım prosesinin şahidi ola bilərik. Burada cavab tələb edən əsas sual həmin prosesdə kürdləri kimlərin təmsil etməsidir”.

Qafqaz Ömərov

COP29