ABŞ və İsrailin eyni olan MARAQLARI: “Bu, dövlət siyasətinə belə təsir edə bilir”

“Hansı prezidentin seçilməsindən asılı olmayaraq İsrailin dünya xəritəsindən çıxarılması müzakirə mövzusu ola bilməz”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də keçiriləcək prezident seçkilərində namizəd Donald Trampın Kamala Harrisə hakimiyyətinin iki ilində İsrailin yox olacağı ilə bağlı cavabını şərh edən və gələcək ABŞ-İsrail münasibətlərindən danışan politoloq Sabir Məmmədli deyib.

Onun sözlərinə görə, İsrailin beynəlxalq təhlükəsizliyin təminatçısı birbaşa məhz ABŞ-dir.

“Bu səbəbdən Trampın dedikləri həqiqəti əks etdirməyən yalnış yanaşmadır. Eyni zamanda, hansı prezidentin seçilməsindən asılı olmayaraq, İsrailin dünya xəritəsindən çıxarılması müzakirə mövzusu ola bilməz”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, İsrail iqtisadi və hərbi potensialı ilə artıq oturuşmuş dövlətdir.

“Həmçinin yəhudi lobbisi böyük ölkələrdə o qədər gücə sahibdir ki, dövlət siyasətinə belə təsir edə bilir. Düzdür, ABŞ və İsrail arasında bəzən gərginlik müşahidə edilir. Ancaq nəzərə almaq lazımdır ki, bu iki dövlət bəzən fikir ayrılıqları yaşasa da, eyni maraqlardan çıxış edir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli