Hər gün milyonlarla avtomobil paytaxtın şimal girişi sayılan Sumqayıt şossesindən daxil olur. Yolda yaranan tıxac və sıxlıqlarda o insanlar 1 saat, saat yarım vaxtlarını itirir. Nəzərə alsaq ki, qarşıdan yeni tədris ili gəlir, bu vəziyyət bir azda acınacaqlı olacaq.
Yenciag.az xəbər verir ki, günün pik saatlarında yaranan bu mənzərə ilə təkcə Sumqayıtdan paytaxta iş, təhsil dalınca gələnlər yaşamır. Eyni problemlə Abşeron rayonunun sakinləri də üzləşir. Bu daha çox 20 yanvar, Xırdalan dairələri arasındakı hissədə özünü qabarıq biruzə verir.
Mövzu ilə əlaqədar BŞBDYPİ-nin bölmə rəisi Vaqif Əsədov ARB-ə bildirib ki, pik saatlarda şəhərdən çıxış zamanı yaranan problem Moskva prospektindəki sürücü özbaşınalığıdır:
“Şamaxınka ərazidən 20 yanvar dairəsi ərazi istiqamətində yolun hər iki hissəsində dayanma-durma qaydalarının yerinə yetirilməməsi bu ərazidə hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücüləri üçün süni sıxlıq yaradır”.
Ekspert Elməddin Muradlı isə tıxacın səbəbini belə izah edib: 6 zolaqlı yol gəlib 2-3 zolaqlı yola daxil olanda əlbəttə tıxac olacaq:
“Xırdalan dairəsindən üzü şəhər istiqamətinə gələndə, 6 zolaqlı yol gəlib Şamaxinka dairəsindəki tuneldə tıxanır. Və Xırdalan dairəsi dağıdılmasa, o 6 zolaq gəldiyi kimi davam etməsə, orda problem heç vaxt həll olunmayacaq”.
“Xırdalan dairəsinin tam dağıdılması, yeni bir infrasturukturun yaradılması, yəni axının tarazlanması layihəsi davam etdirilir, amma bu layihənin icrası üçün 6 ay vaxt lazımdır”, – ekspert qeyd edib.
Qeyd edək ki, yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, əsasən, 596, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox oluğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub”.