Absurd təklifə SƏRT REAKSİYA: “Qarabağ azad edilsin, o münasibətlə abidə ucaldarıq” – Sabir Rüstəmxanlı

“O qələbədən sonra Bakıya nə “Qəhrəman şəhər”, nə də başqa status verilmədi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında SSRİ-nin Almaniya üzərində qələbəsinin 75 illiyi münasibətilə Bakıda “Zəfər tağı” tikilməsi təklifinə münasibət bildirən Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlının sözlərinə görə, Bakıda belə bir abidənin ucaldılmasına ehtiyac yoxdur:

“Bu, bizə aidiyyatı olmayan məsələdir. İkinci Dünya Müharibəsində Bakı qəhrəmanlıq edib. Amma o qələbədən sonra Bakıya nə “Qəhrəman şəhər”, nə də başqa status verildi.

İkinci Dünya Müharibəsi dünyanın bir faciəsi idi. Kim qələbə qazandı, kim uduzdu, hələ də bəlli deyil.

Əslində, o qələbənin bizə aidiyyatı çox azdır. Buna görə də, Bakıda belə bir abidəyə ehtiyac yoxdur.

Millət səsini qaldırsın ki, soyqırımı muzeyi tikilsin, millətimizin başına gətirilən faciələr orada öz əksini tapsın, Bakını 1918-ci ildə ermənilərdən azad edən Qafqaz İslam Ordusuna bir abidə qoyulsun.

Nə qələbə? Qarabağ azad edilsin, o münasibətlə abidə ucaldarıq”.

Qeyd edək ki, məlum təklifi sənətşünaslıq doktoru, professor Elçin Əliyev 1news.az-a açıqlamasında irəli sürüb.

Aqil Bəkir