Serbiyanın Novı Sad şəhərində Avropa çempionatda sərbəst və qadın güləşçilərin yarışları başa çatıb.
Qadın güləşçilərimiz çempionatı 1 qızıl və 2 bürünc medalla tamamlayıb. Qızıl medalı komandamıza Mariya Stadnik (48 kq), bürünc medalları isə Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) qazandırıb.
Bu nəticə ilə qadın güləşçilərimiz komanda hesabında 45 xalla Avropa ikincisi olub. Rusiya 55 xalla birinci, Belarus isə 43 xalla üçüncü yeri tutub.
Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla yekunlaşdırıb. Qızıl medalı yığmamıza Giorgi Edişeraşvili (57 kq) qazandırıb. Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Ruslan Dibirhacıyev (70 kq) isə bürünc medala sahib olub.
Bu nəticə ilə sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa ikincisi olub. Rusiya 62 xalla birinci, Türkiyə isə 53 xalla üçüncü yeri tutub.
Yeniçağ.Az