“Açıq görünür ki, Paşinyan həm Rusiyanın, həm də Moskvaya güvənən müxalifətin təzyiqi altındadır” – ŞƏRH

“Ermənistanın Azərbaycanla sərhəddə gərginliyi artırmaq cəhdinin arxasında Rusiyanın dayandığı açıq görünür”.

Bu fikirləri Ermənistanın son hərbi təxribatının hansı məqsədlərdən qaynaqlandığını şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistanın istər siyasi, istərsə də hərbi elitasında yetərincə dayaqları mövcuddur:

“Əlbəttə ki, Ermənistanın Azərbaycanla sərhəd ərazilərdə törətdiyi hərbi provakasiya konkret məqsədlərə söykənib. Bu təxribata görə Ermənistan hakimiyyətini suçlamaq üçün əsaslar olsa da, məsələnin kökü daha dərinə gedir.

Əslində, “Paşinyan hakimiyyətinə belə bir gərginliyin baş verməsi lazımdırmı?”, sualına birmənalı cavab vermək asan deyil. Digər tərəfdən, hərbi gərginliyin artmasının Moskvapərəst erməni müxalifətinə və Rusiyaya sərfəli olduğu aydındır.

Yəni Ermənistan müxalifəti Paşinyan hakimiyyətini devirməyə çalışırsa, Rusiya da iki ölkə arasında gərginliyi artırmaqla, hətta yeni müharibəyə zəmin yaratmaqla regionda daha da möhkənməyi düşünür.

Açıq görünür ki, Paşinyan həm Rusiyanın, həm də Moskvaya güvənən müxalifətin təzyiqi altındadır. Rusiya Ermənistanın bütün seqmentlərində ciddi dayaqlara malikdir. Bu baxımdan, onun sərhəddə belə bir provakasiya təşkil etmək imkanları genişdir”.

A.Zeynalov