Çox cazibədardır; elə filmlərə çəkilməsində də gözəlliyinin rolu böyük olub. Bunu özü də etiraf edi – Pərvin Abiyevanı deyirəm. Bir müddət öncə sosial şəbəkədə paylaşdığı açış-saçıq fotolarına görə az qala topa tutulan aktrsianın Yeniçağ.az-a müsahibəsini təqdim edirik.
– Pərvin bir ara müntəzəm olaraq filmlərə çəkildin, amma sonradan filmlərdən, efirlərdən, tədbirlər uzaqlaşdın, niyə?
– Düz deyirsiz. Çox filmlərə çəkildim və fikirləşdim ki, insanların gözünü yormamaq üçün fasilə vermək lazımdır. Bu son layihələrimi də bitirim, sonra yenidən itəcəm.
– Özünü kaprizli aktrisa sayırsan?
– Yox, əgər mən kaprizli aktrisa olsaydım, heç bir rejissor ikinci-üçüncü roldan sonra məni filminə dəvət etməzdi.
– Düzünü de, rejissorlar səni daha çox istedadına görə filmlərinə dəvət edir, yoxsa fakturana görə?
– Faktura böyük rol oynayır, bunu etiraf etməliyəm. Düzdür, mən özümü o qədər də gözəl hesab etmirəm, amma eybəcər də deyiləm. Eyni zamanda, tamaşaçılarda maraq oyatmağı bacarıram, bu da mənə kömək edir.
– Vücudunda sənə gözəllik verən nədir?
– Ayaqlarım, boyum.
– Bir müddət öncə sosial şəbəkədə çimərlik geyimlərində fotolarını paylaşdın. Bu, insanlar tərəfindən birmənalı qarşılanmadı. Həmin fotoların altından xoşagəlməz rəylər yazdılar. Sənin də reaksiyan çox sərt oldu…
– Çünki bilmirlər söhbət nədən gedir, amma əleyhimə danışıb, ağızlarına gələni yazırlar. Məni tanımadan mühakimə edirlər və o zaman da çox qəddar olurlar. Özümə kim nə deyir desin, amma ailəmə toxunmasınlar. Bəlkə də mən göz önündə olduğuma, ya məni qısqandıqlarına, ya da elə kimsə sırf dindarlığı üzündən o fotolara görə mənə təhqiramiz sözlər yazdılar. Amma hər şeyin həddi var: bir var tənqid, irad, bir də var təhqir.
– Ən sərt təhqir nə idi?
– Anam, atam və qardaşımla bağlı ağızlarına gələni yazdılar.
– Nə yazmışdılar ki?
– İnşallah anan, qardaşın, atan ölər və sən də onların yasında oynayarsan.
– Məhkəməyə nə əcəb vermədin?
– Verəcəkdim, sadəcə olaraq, məni təhqir edənin ailəsi, əmisi uşaqları, bütün nəsli müxtəlif yollarla mənə zəng edib yalvardılar, hamısı məndən üzr istədilər. Dedilər ki, bunu yazan uşaqdır, yaşı azdır, mən də keçdim.
– Gözəllik başına bəla olurmu heç?
– Həddən artıq.
– Nəzərə gəlməkdən qorxursan?
– Bədnəzərdən çox, cadudan və qarğışdan qorxuram.
– Qazancın normal yaşama bəs edir?
– Başqalarını bilmirəm, amma mən Azərbaycanda normal qonorarımı alıram.
– Yəni qabaqcadan rejissorla şərt kəsirsən qonorara görə?
– Yox, amma istədiyim qədər qonorarımı verirlər.
– Qlamur həyat yaşayırsan?
– Lüks həyat tərzini sevirəm və yaşayıram. Amma bununla belə kənd həyatını da xoşlayıram.
– Bunun üçün maliyyən yetərincədir?
– Bəli, mən özüm-özümə də pul xərcləməyi çox sevirəm.
– Ən çox nəyə pul xərcləyirsən?
– Geyimlərimə.
– Gözəl xanımsan, sevdiyin kişi də var. Amma yəqin ki, əks-cinsin nümayəndələrindən komplimentlər də eşidirsən, reaksiyan necə olur?
– Xoş rəylərdən niyə inciyim ki… Xoşuma gəlməyən boş sözlər olanda həmin adamları “blok”a atıram, ya da reaksiya vermirəm.
– Avtomobilin hədiyyədir?
– Yox, öz puluma almışam. Qiyməti də 90 min manatdır.
Cəvahir Səlimqızı
Yeniçağ.az