Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Açıq tədqiqat mənbələrindən istifadə mexanizmləri haqqında tədqiqatçılar üçün təlimlər” adlı layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində gənc tədqiqatçılar, doktorantlar, magistrlər, gənc universitet müəllimləri üçün ikigünlük təlimlər təşkil edilib.
Yenicag.az xəbər verir ki, cəmiyyətdən bildirilib ki, təlimin açılışında Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov təlimin əhəmiyyətindən danışıblar.
İki gün davam edən təlimlərdə iştirakçılara beynəlxalq elmi platformalar və onlarda təmsil olunmaq barədə təqdimatlar edilib, açıq tədqiqat mənbələrinə üzvlük və onlardan istifadə yolları, bazalara çıxış imkanları haqqında məlumat verilib.
İştirakçılar, eyni zamanda, açıq tədqiqat mənbələrinin yaratdığı imkanlar, faydaları və əlçatanlığı haqqında geniş məlumat əldə ediblər.
Təlimlərdə tədqiqatçılara “Academia edu”, “ResearchGate”, “F1000Research”, “Mendeley”, “EconLit, “GeoRef”, “Agris”, ERIC, “IEEE Xplore”, ROAD, “ScienceDirect”, JSTOR, “PubMed”, “ResearchBib”, “WorldCat”, “Ulrıch’s Perioodicals Directory”, BASE, “Ulakbim”, “INSPEC-Direct”, “Astrophysics Data System”, “Compendex”, “PsycINFO”, “Zentralblatt MATH”, “Math SciNet-Mathematical Reviews”, “Chemical Abstracts Service” və s. platformalardan istifadə ilə bağlı praktiki bilik və informasiyalar verilib.
Təlimlərdə qeyd edilib ki, data bazalardan istifadə edilməsinə dair təcrübə və vərdişlərin artması elmi nəticələrə və mənbələrə əlçatanlığı təmin etməklə yanaşı, həm istinadların artmasına, həm tədqiqatçıların özlərinin, həm də çalışdıqları müəssisənin reytinqini yüksəldəcək.
Seminarlarda ekspert iştirakçıların suallarını cavablandırıb, müzakirələr aparılıb. Təlimlər Azərbaycan Dövlət Pedaqoji Universitetində ümumilikdə 200 iştirakçı arasında keçirilib. Eyni zamanda, internet və sosial media üzərindən gənc alim və elmi tədqiqatçılar arasında təbliğat işi aparılıb.
Təlimlərin yekununda iştirakçılar sertifikatlar təqdim olunub./Azərtag.az