Qax rayonunda 27 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax şəhərində baş verib.
Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov həyətində iş görərkən onu elektrik cərəyanı vurub. O, Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, o, ehtiyatsızlığın qurbanı olub. Belə ki, Z.Əhmədov həyətdə plastmas boruları yapışdıran ütüdən istifadə edib işini yekunlaşdırarkən ehtiyatsızlıq edib. O, bir-neçə yerdən zədəli olan uzadıcı naqilin açıq hissəsinə əllə toxunub. Nəticədə yer nəm olduğundan elektrik cərəyanı onu vuraraq öldürüb.
Qeyd edək ki, Z.Əhmədov 1990-cı il oktyabrın 10-da Qax şəhərində doğulub və bu gün 27 yaşını tamam olurdu.
Faktla bağlı araşdırma aparılır.