!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Adamın kişiliyi, mərdliyi olar" - "Grand Hospital"dan çıxarılan həkimlər üsyan etdi

!Reklam – Yazi

“Grand Hospital”ın bir neçə aparıcı həkimi işdən çıxarılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, onlara bu barədə əvvəllcədən heç bir xəbərdarlıq olunmayıb.

Məlumatı saytımıza açıqlamasında eyni aqibətlə üzləşən uroloq-androloq Namiq İsmayılov da təsdiqləyib:

“Xəbərdarlıq etmədən işdən çıxardılar. Bu adama hörmətsizlikdir. Neçə ildir ki, xidmət göstəririk. Hər hansı bir nöqsanımız olmayıb. Uzun müddət ölkə xaricində çalışmışam, 4 dənə diplomum var. Adamın kişiliyi çatıb heç olmasa deyər ki, qardaş, sağ olun, bu qədər iş görmüsüz. Biz santexnik deyilik ki. Dəfələrlə bizə yaxşı təkliflər olub. Amma bizə “hər şey yaxşı olacaq” deyib saxlayıblar. Adamın kişiliyi, mərdliyi olar”.

Əldə etdiyimiz digər məlumata görə, “Grand Hospital”ın adı dəyişdirilərək “Ege Hospital” adı altında fəaliyyət göstərəcək. Yeni rəhbərlik isə Türkiyədən gəlmiş mütəxəssislərdən ibarət olacaq.

Əlaqə saxladığımız İnvaziv kardioloq Rasim Məhərrəmov da bu məlumatı əməkdaşımızla söhbətində təsdiqləyib. O bildirib ki, yeni gələn rəhbərlik öz heyəti ilə çalışmaq istəyir və işdən çıxarılmaların da səbəbi budur.

Uroloq-Androloq Seymur Mehtiyev isə edilən hörmətsizliyə görə “Grand Hospital”da qalmaq fikrində olmadığını bildirdi: “Ölkədə deyildim. Mən də xəbəri mətbuatdan öyrəndim. Klinika rəhbərliyi türklərdən ibarət həkim heyəti gətirib. Bildirilib ki, artıq türkiyəli həkimlərlə çalışacam və sizə ehtiyacımız yoxdur. Heç kimin həkimi nöqsanı olmadan işdən çıxarmaq ixtiyarı yoxdur. Hazırda işdəyəm, amma gələn həftə işdən çıxacam. Bir həkimə olunan hörmətsizlik hamıya aiddir və bu səbəbdən burada qala bilmərəm”.

Məsələ ilə bağlı əlaqə saxladığımız həkim-endokrinoloq Arzu Əyyubova bu barədə danışmaq istəmədi. O, sadəcə “şərh vermək istəmirəm” deməklə kifayətləndi.

Travmatoloq-ortoped Sənan Aşirovun telefonuna köməkçisi cavab verərək bildirdi ki, Sənan həkim başqa bir özəl klinikada əməliyyatdadır və bu səbəbdən danışa bilməyəcək.

Kardioloq Hacıməmmədov Röyal da məsələyə şərh verməkdən boyun qaçırdı. O, əməkdaşımızla söhbətində “Grand Hospital”la əlaqə saxlamağımızı məsləhət gördü.

Qastroenteroloq Afaq Ələsgərova isə bizimlə söhbətində məlumatı təkzib edərək hazırda sözügedən klinikada çalışdığını bildirdi.

Uşaq cərrahı Toğrul Ömərov öz istəyi ilə işdən çıxdığını bildirdi. Ömərov digər həkimlərin hansı səbəbdən işdən ayrıldığını isə bilmədiyini söyləyib.

Emin Səfərov

www.yenicag.az

15850
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv