Adı açıqlanmayan SAVAŞ: İsrail-Amerika-İran müharibəsi – Regiona hansı təsirləri olacaq?

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Yaxın Şərqdə adı açıqlanmayan İsrail-Amerika-İran müharibəsi başladı.

Bu sözləri Yenicag.az-la söhbətindəki Türkiyədəki Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deyib.

Politoloq İsrail-İran müharibəsinin başlaması fonunda tərəflər arasında baş verəcək hərbi konfrontasiyanın Türkiyəyə və regiona təsirlərindən söz açıb.

Onun sözlərinə görə, İran bu vəziyyəti çox yaxşı bildiyi üçün HƏMAS, “Həşdi Şabi”, husilər (“Ənsərallah”) və “Hizbullah” kimi ona bağlı strukturları ilə İsrailin diqqətini birbaşa özünə yox, əksinə, bu təşkilatlara çəkmək istəyir:

“Lakin İsrail bu strukturların İran adından İsrailə qarşı döyüşdüyünü çox yaxşı bildiyindən və bu strukturların Dəməşqdəki səfirlik vasitəsilə idarə olunduğuna inandığından, hücumda 7 yüksək rütbəli İran əsgəri həlak oldu. Bunların birbaşa İranın Ali Dini Lideri Seyid Əli Xamneyiyə tabe olan komandirlər olduğu və cənazə namazını Xamneyinin özünün qıldığı anlaşıldığı üçün İsrail indi İranın proksi təşkilatlarına deyil, birbaşa bu təşkilatları yönləndirən və idarə edən əsas mexanizmə – Tehran administrasiyasına hücum edib”.
H. Oktay diqqətə çatdırıb ki, bu məqamda Amerika seçkilərinin yaxınlaşdığını və bölgədəki münaqişələrin birbaşa Türkiyəyə təsir edəcəyini nəzərə alsaq, Türkiyə adıçəkilən münaqişənin qarşısını almaq üçün əlindən gələni edəcək:

“Çünki bu münaqişə Türkiyəni, xüsusən də Azərbaycanı yaxından maraqlandırır. Həm Yaxın Şərqdə sabitliyin pozulması, həm də İranın düşəcəyi vəziyyət mühacir baxımından Azərbaycan və Türkiyə ilə sıx bağlıdır. Türkiyə bu müharibənin başlamasının qarşısını almağa çalışsa da, digər tərəfdən HƏMAS-İsrail qarşıdurması səbəbindən pisləşən Türkiyə-İsrail münasibətlərinin təsirini azaltmağa çalışır”.

Rafi Müslümov

COP29