Adı korrupsiyada hallanan DİREKTOR MÜAVİNİ: “Nazirlik məni işdən çıxara bilməz” – SƏS YAZISI / YENİLƏNDİ

İsmayıllı Regional Mədəniyyət İdarəsinin direktor müavini Lalə Novruzova Mədəniyyət Nazirliyinin tapşırığı, eləcə də İsmayıllı Regional Mədəniyyət İdarəsinin müvafiq əmri əsasında işdən kənarlaşdırılması ilə bağlı yayılan xəbəri təkzib edib.

Yenicag.az-a açıqlama verən direktor müavini bununla bağlı ona heç bir qərar göstərilmədiyini əsas gətirib və Mədəniyyət Nazirliyini yalan məlumat yaymaqda ittiham edib:

“Mən işdən tam deyil, müvəqqəti kənarlaşdırılmışam, işdən çıxarılmamışam. Hazırda istintaq gedir. 42 ilin pedaqoquyam, ziyalı xanımam, məni ləkələmək olmaz. Onsuz da mən çalışdığım kollektivə də qayıdacağam. Heç bir günahım da yoxdur. Nazirlik təsərrüfat müdiri ilə dərs hissə müdirini səhv salıb. Şəhər məktəblərində təsərrüfat müdiri yoxdur, ancaq bizdə var. Onun bütün işlərini götürüb mənim adıma yazıblar. Belə etməklə deyil axı… Dövlətin qanunları, haqq, ədalət var. Mənə dekabr ayında deyiblər, ərizə yaz, demişəm yazmıram, çünkü mənim heç bir günahım yoxdur. Heç qorxmuram da, mübarizə aparıram. Bu yaşımda niyə işdən çıxmalıyam ki… Mənə sübut göstərsinlər. İşdən çıxarılmağımla bağlı hanı qərar?

20 oktyabrda müvəqqəti olaraq işim dayandırılıb. Mədəniyyət Nazirliyi məni heç müvəqqəti də olsa, işdən kənarlaşdıra bilməz. Barəmdə sanksiya yoxdur, sadəcə olaraq, istintaq gedir. Nazirlikdə savadsız bir hüquqşünas oturub, əmri də o verib. Yazıq nazirin heç bu işdən xəbəri yoxdur. Müvəqqəti dayandırma işdən çıxarılmaq demək deyil axı. Bunu da qanunsuz ediblər. Bununla bağlı məhkəməyə müraciət etmişəm. Yenə də deyirəm, hanı qərar? O qərarı ortaya çıxarsınlar”.

Qeyd edək ki, bu gün APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən bildirilib ki, Mədəniyyət Nazirliyinin tapşırığı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən işçilərin mənafeyini qorumaq və əmək intizamını təmin etmək məqsədilə Mərkəzin direktor müavini Lalə Novruzova işdən kənarlaşdırılıb.

Mədəniyyət Nazirliyinin əmri ilə Şamaxı İncəsənət Təhsil Mərkəzində aparılmış xidməti araşdırma nəticəsində aşkarlanan cinayət əlamətləri olan məlumatlar qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanına təqdim edilib.

Hazırda Şamaxı İncəsənət Təhsil Mərkəzinin direktor müavini Novruzova Lalə Məmməd qızının təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.

Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin fəaliyyətinin nizama salınması və mövcud olan neqativ halların aradan qaldırılması ilə bağlı komissiya yaradılıb, hazırda komissiya tərəfindən sözügedən Mərkəzdə lazımi tədbirlər həyata keçirilir.

Cəvahir