“Adi şəraitdə bu addımları tam dəstəkləyərdim, amma indi…” – Natiq Cəfərli

“Ölkədə ən azı 1,5 milyon nəfərə yaxın müqaviləsiz, və ya günəmuzd çalışan vətəndaş, vergidən yayınan minlərlə biznes subyekti var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hökumətin açıqladığı sahibkarlara və əhaliyə dəstək paketini dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərlinin sözlərinə görə, mövcud şəraitdə günəmuzd çalışan vətəndaşların dəstək planında nəzərə alınmasına ehtiyac var:

“Təklif olunan paketin qısa tərcüməsi budur ki, kim qanunla əmək müqaviləsi bağlayıbsa, kim vaxtı-vaxtında vergisini ödəyibsə, kim istehsal və kommersiya kreditləri götürübsə, onlara dəstək veriləcək.

Bu yanaşma, belə təşviq paketi dünyanın düz vaxtında bəlkə də, anlaşılardı. Hökumət normal şərtlər olduqda belə bir addım atır, nəticədə də biznes və əhalidə “kölgə iqtisadiyyatından çıxmaq üçün stimul yaranır.

İndiki pandemiya və iqtisadi fəallığın ciddi azalması şəraitində biznesə və əhaliyə dərs vermək doğru deyil. Hələ siyahı açıqlanmayıb, amma bəzi məhsulların ƏDV-dən azad edilməsi gözlənilir.

Qalan təşviq addımları leqal biznesə aid ediləcək. Adi şəraitdə bu addımları tam dəstəkləyərdim ki, biznes və vətəndaşı doğru, qanunauyğun çalışmağa təşviq edir, amma indi vəziyyət başqadır. Bu paketin əhalinin bütün qisminə toxunan hissəsi elektrik enerjisindən istifadə limitinin 300 kvt-dan 400 kvt-a artırılmasıdır.

Ölkədə ən azı 1,5 milyon nəfərə yaxın müqaviləsiz, və ya günəmuzd çalışan vətəndaş, vergidən yayınan minlərlə biznes subyekti var. Bəs bu insanlara indiki şərtlər çərçivəsində necə dəstək olunacaq?! Bacardıqca sadə, hər bir vətəndaşa birbaşa toxunan qərarlar lazımdır”.

Gülşən Şərif