İpoteka və Kredit Zəmanət Fondu tərəfindən adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 6 fevral saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 7 fevral saat 10:00-dan başlanılıb.
Fonddan Yenicag.az-a bildirilib ki, vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət (www.e-gov.az) portalına inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilib.
Qeyd etmək lazımdır ki, həm adi, həm də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə verilməsi nəticəsində bu kreditlərə əhali arasında yüksək tələb formalaşıb. Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka kreditləri üzrə 1337 müraciət, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb.