FETÖ terror şəbəkəsinin 15 iyul çevriliş cəhdinin əsas fiqurlarından biri olan Adil Öksüzü azadlığa buraxan hakim ciddi məqamları açıqlayıb.
Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ-nun 15 iyul çevriliş təşəbbüsündən bir gün sonra – iyulun 16-da həbs edilərək, məhkəməyə çıxarılan Adil Öksüzü azadlığa buraxan, lakin bu ayın əvvəlində özü də həbs edilən hakim Çetin Sönmez istintaqa ifadəsində bəzi məsələlərə aydınlıq gətirib.
Bir müddət ev dustağı olan Sönmez daha sonra prokurorluğun tələbi əsasında həbsxanaya göndərilib. Bundan sonra istintaqla könüllü əməkdaşlığa razılıq verən sabiq hakim özünün də mənsub olduğu FETÖ ilə bağlı ciddi etiraflar edib.
Müstəntiq Yıldırım Kemal Zöhreyə ifadə verən Sönmez hələ tələbəlik vaxtından FETÖ ilə bağlılığı olduğunu deyib. Əlavə edib ki, 1988-ci ildə Polis Kollecində “Camaatın qardaşı” olub və tələbələri şəbəkəyə cəlb edib:
“Tələbə vaxtımda o zaman camaat kimi tanınan təşkilata məxsus yataqxanalarda və evlərdə qaldım. Camaatla əlaqələrim kəsiləndən sonra da əvvəldən tanıdığım dostlarla təşkilatdankənar görüşlərimiz olub. Həmçinin təşkilatın maliyyə qurumlarında da hesabım olmayıb”.
Sönmez öz ifadəsində FETÖ lideri Fətullah Gülənlə görüşmək imkanının olduğunu da deyib:
“Fətullah Gülənlə məktəblərdən birinin yuxarı mərtəbəsindəki geniş salonda hakimliyə namizədlər üçün təşkil olunan ziyafətdə birlikdə yemək yedik. Ancaq o toplantıda iştirak etmiş adamları xatırlamıram. Həmçinin “Bozyaka tələbəsi” adlı qrup haqqında da məlumatım yoxdur”.
FETÖ-nun Güləndən sonra ikinci şəxsi hesab olunan Adil Öksüzü şəxsən tanımadığını deyən Sönməz onu azadlığa buraxmasının səbəbini belə izah edib:
“Adil Öksüzün çevriliş təşəbbüsündə iştirakından qətiyyən xəbərim olmayıb. Mən Adil Öksüzün cinayət işini araşdırarkən, onun ölkədən çıxışına qadağa qoyulduğunu gördüm. Bu səbəbdən də onun üçün yeni mühafizə tədbiri və həbs edilməsinə ehtiyac duymadım. Ancaq bu qərarı terror təşkilatına dəstək məqsədi ilə qəbul etmədim”.
Yenicag.Az