Tükiyədə həbs olunan Adnan Oktar 164 səhifəlik ifadəsində ona qarşı irəli sürülən iddiaları təkzib edib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, o, şirkət sahibi olmadığını bildirib:
“Hər hansı bir şirkətim yoxdur. Sadəcə yazıçılıqla məşğulam. Aylıq 3000-3500 TL pul qazanıram. Anam həyatdadır. Bəzən ondan cib xərci alıram. Mənə qarşı irəli sürülən ittihamlar yalandır. Qazandığım bütün pulu cibimə qoyuram. Heç bir bank hesabım yoxdur. Biz cinayət təşkilatı deyilik. Xoş niyyətli dost qrupu ilə yaşayırıq və mən Mehdi peyğəmbər deyiləm. Xarici pasportum yoxdur. İstanbulda 3 il fəlsəfə oxumuşam. Xaricdə fəaliyyət göstərməmişəm. Burada kommunist təzyiqinə görə oxuya bilmədim”.
“And içməyə gərək yoxdur. Müsəlman demək, bir-birini qoruyan və bir-birinin arxasında duran insan deməkdir. Bu onsuz da, Allaha and içməkdir. Təşkilatda imam nikahlarının həyata keçirilməsini da qəbul etmirəm. Mənimlə tanış olub ayrılan 8000 insan var. İslamda təzyiq, məcburiyyət yoxdur. İstəyən gələr, istəyən gəlməz. Oradakı fəaliyyətimiz tələbələrimin könüllü şəkildə kitablarımı tərcümə edib yaymasından ibarətdir. Mən heç bir təlimat verməmişəm. Yazmaqdan vaxtım qalmadığı üçün belə işlərlə məşğul olmuram. Bunlar müstəqil xeyriyyə işləridir”, – deyə Adnan Oktar bildirib.
Qeyd edək ki, Türkiyədə özünü ilahiyyatçı kimi qələmə verən Adnan Oktar və 169 tərəfdarı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində saxlanılıb.
Onlar 20-dən çox ittihamla – mütəşəkkil cinayət qrupu yaratmaq, yetkin olmayanlarla cinsi əlaqədə olmaq, uşaq qaçırmaq, hərbi casusluq, dini inanc və duyğuların istismar olunması, dələduzluq, çirkli pulların yuyulması, şəxsi həyat sirlərini ifşa etmək, rəsmi sənədlərdə saxtakarlıq, terrorla mübarizə qanununa əməl etməmək, cinsi təcavüz, təhdid, iftira, xalqı hərbi xidmətdən çəkindirmək maddələri üzrə təqsirləndiriliblər.