Türkiyədə uzun illərdir qalmaqallı açıqlamaları ilə diqqət çəkən, ətrafında yığdığı “kedicikləri” görə daim diqqət mərkəzində olan Adnan Oktar dünən həbs edilib.
Xəbər verdiyimiz kimi, onun özünün həbs edilməsi ilə birgə 235 tərəfdarı da həbs edildi. Ən çox diqqət çəkən isə Adnan Oktarın fantastik əmlaklarının siyahısıdır. Onun bu qədər sərvətə necə sahib olması olduqca maraqlıdır. Türkiyə mətbuatı Adnan Oktarın əmlakının siyahısını təqdim edib.
Adnan Oktarın dünyanın müxtəlif ölkələrində olan sərvətindən başqa Türkiyədə olan əmlakları yüzlərlədir.
Onun İstanbuldakı evləri və iş yerlərində axtarış aparan polis fantastik sərvət aşkarlayıb. Evlərdə bir çox məşhur şirkətin möhürü aşkar edilməsindən sonra polis digər şəhərlərdəki villalara da baxış keçirib.
Adnan Oktarın şirkətləri Türkiyə üzərindən Avstraliya və Yeni Zelandiya kimi ölkələrin törəmə banklarına külli miqdarda vəsait köçürdüyü aşkar edilib.
Adnan Oktarın və onun ətrafının cinayətinin faş olmasının əsl səbəbi isə Türkiyənin məşhur iş adamının polisə şikayəti olub. Belə ki, adı çəkilməyən iş adamı şantaj olunduğunu bildirib. Uzun zamandır aparılan araşdırmalar nəticəsində Adnan Oktarın şantaj qrupu aşkar edilib. Şantaj qrupu əsasən “kedicik”lərdən ibarət olub və bir çox iş adamları dövlət məmurları bu şantajın qurbanı olublar. Şantaj nəticəsində bir çox iş adamlarından dəyəri milyonlarla ölçülən qızıl-zinət əşyaları, həmçinin torpaq sahələri və villalar alınıb.
Türkiyədə fəaliyyət göstərən dünyanın ən brend geyim firmalarının Lacoste, Beymen və Vakkonun da Adnan Oktarın şirkətləri tərəfindən idarə olunmasında şantajın rolu olduğu bildirilir.
Adnan Oktarın Armani və Ferre şirkətini mütamadi reklam etməsi və öz verilişlərində bu köynəklərdən geyindiyini dəfələrlə nümayiş etdirməsindən sonra bu iki şirkətdə də onun ortaqlığı olduğu ortaya çıxıb. Cherookee və Mercedes avtomobillərini çox sevən Adnan Oktar və tərəfdarları bu markalardan daha çox istifadə edib. İstanbulda 30 hektarlıq bir meşədəki möhtəşəm villasında yaşayan Adnan Oktar özünə əsl Osmanlı sultanları kimi apardığı ortaya çıxıb. Onun milyonları necə əldə etməsi şübhəli məqamlardan xəbər verir. Çünki rəsmi gəlirinin olmadığını bəyamnamədə qeyd edən Adnan Oktarın onlarla şirkətdə payı olduğu ortaya çıxıb. Türkiyə mətbuatı Adnan Oktarın illik gəlirinin 15-17 milyon dollar civarında olduğunu yazır.
Onun Beşiktaşda 7 hektarlıq ərazidə dəbdəbəli villasına baxış keçirən polis 11 nəfər həbs edib.
Onun sarayında onlarla üzgüçülük hovuzları, balıqçılıq təsərrüfatları olub. Onun bu möhtəşəm villasındakı bütün mebellər qızıl suyuna çəkildiyi də məlum olub.
Adnan Oktarın daha bir möhtəşəm sarayı Fənərköydədir. 40 hektar əraziyə malik bu möhtəşəm villanın ətrafında bir neçə ferması olub. Ərazi bütünlüklə təhlükəsizlik kameraları əhatə olunub.
Onun təkcə Fənərköydəki villasından 13 bahalı avtomobil müsadirə olunub.
Arnavutköy, Bəbək və Kuruceşmədəki villalara baxış keçirən polis bu villalardan iki milyon ABŞ dollar müsadirə edib. Adnan Oktarın bir neçə çap evinin, Antalyada və Bodrumda böyük istirahət mərkəzlərinin olduğu da ortaya çıxıb. Türkiyə mətbuatı Adnan Oktarın ilkin araşdrımalar nəticəsində ümumi əmlakını 600 milyon dəyərində qiymətləndirib. Görünən odur ki, Adnan Oktar sakit şəkildə özünə böyük bir imperiya qurmağa nail olub.