Aerodromyanı ərazilərin istifadəsi ilə bağlı qayda təsdiq edildi

“Aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib.

Yenicag.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, aerodromyanı ərazidən istifadəyə bu Qaydaya uyğun olaraq nəzarət aerodrom istismarçısı tərəfindən həyata keçirilir.

Aerodromyanı ərazidə fəaliyyətin təşkili hava limanında (aeroportda) və ya aerodromda uçuşların təhlükəsiz və səmərəli həyata keçirilməsinə maneə yaratmamalıdır.

Aerodrom istismarçısı uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə aerodromyanı ərazidə və onun yaxınlığında gözqamaşdırıcı işıqların, rabitə, naviqasiya və müşahidə sistemlərinin normal işinə mənfi təsir göstərə bilən hərəkətli və ya sabit obyektlərin, cihazların, radiasiya mənbələrinin və hər hansı digər maneənin yerləşdirilməsinə nəzarəti təmin edir.

Aerodromyanı ərazidə həyata keçirilən fəaliyyət, habelə görünüş məsafəsinin azalmasına təsir edən toz, tüstü, yanğın təhlükəsi və duman yaranmasına səbəb ola biləcək mənbələr aerodrom istismarçısı tərəfindən nəzarətdə saxlanılmalı və bu mənbələrin vaxtında aşkarlanması üçün aerodrom istismarçısı effektiv monitorinq aparmalıdır.

Təşkil edilmiş monitorinqin nəticələri aktla rəsmiləşdirilir və nəticələrə əsasən həmin mənbələrin təsirlərini azaltmaq üçün aerodrom istismarçısı tərəfindən mənbənin xüsusiyyətləri nəzərə alınmaqla tədbirlər görülməlidir .

Aerodromyanı ərazidə aeronaviqasiya qurğularının işinə təsir göstərə biləcək obyektlərin (hündür tikililər, yüksəkgərginlikli elektrik xətləri, rabitə antenaları və s.) təsirləri qiymətləndirilməli və bu təsirlərin azaldılması istiqamətində fəaliyyət təşkil edilməlidir.

Aerodromyanı ərazidə aparılan iqtisadi, kommersiya, sənaye (məsələn, zavodlardan havaya tüstü atılması), aqrar və kənd təsərrüfatı işləri (məsələn, açıq ərazilərdə quşları cəlb edən dənli bitkilərin əkilməsi) uçuşların təhlükəsizliyinə təhdid yaratmamalı, həmçinin istehsalat və məişət tullantılarının düzgün idarə olunmasını aerodrom istismarçısı nəzarətdə saxlamalıdır.

Aerodrom istismarçısı aerodromyanı ərazidə aşağıdakı tədbirləri həyata keçirir:

– aerodromyanı ərazidə torpaq sahəsi və daşınmaz əmlakın istifadəsinin, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğunluğunun qiymətləndirilməsi üçün monitorinqlər təşkil edir;

– aerodromyanı ərazinin monitorinqinin təşkili üçün mütərəqqi yenilikləri və effektiv vasitələri tətbiq edir;

– aerodromyanı ərazinin monitorinqi zamanı aşkar edilmiş uyğunsuzluqlar haqqında uçuşların təhlükəsizliyinə dair risklərin qiymətləndirməsini aparır və əldə edilmiş nəticələri mülki aviasiyaya münasibətdə Agentliyə, dövlət aviasiyasına münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim edir.

Aerodrom istismarçısı aerodromyanı ərazinin monitorinqi zamanı mütəmadi olaraq uçuş heyətindən, hava hərəkəti xidmətlərini təmin edən təchizatçıdan, fiziki və hüquqi şəxslərdən və digər mənbələrdən daxil olan müraciətlər əsasında aerodromyanı ərazidə gözqamaşdırıcı və uçuş – enmə zolağının işıqları və ya digər aeronaviqasiya işıqlarını təhrif edən digər çaşdırıcı işıq obyektlərini müəyyən edir.

Aerodrom istismarçısı uçuşların təhlükəsizliyinə mane olan işıq mənbələrinin yaratdığı risklərin qiymətləndirilməsini aparır və Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğunluğu təmin etmək məqsədilə tədbirlər görür.

Uçuşların təhlükəsizliyinin təmin edilməsi çərçivəsində hava limanının (aeroportun) və ya aerodromun ərazisində əməliyyatlara təsirlərin azaldılması məqsədilə aerodrom istismarçısı təbiət amilləri (bitkilər, heyvanlar, quşlar və s.) ilə mübarizənin aparılmasını təmin etməli, o cümlədən heyvanların və quşların qidalanması, məskunlaşması, artması habelə bitkilərin yayılması üçün münbit şəraitin aradan qaldırılması istiqamətində tədbirlər görməli və aidiyyəti dövlət orqanları (qurumları) və bələdiyyələrlə həmin məsələlərlə bağlı qarşılıqlı fəaliyyət göstərməlidir.

Aerodrom istismarçısı aerodromyanı ərazinin monitorinqi zamanı aerodromyanı ərazidə məskunlaşma, daşınmaz əmlak obyektlərinin qanunsuz istifadəsi, habelə sanitariya və əhalinin sağlamlığının qorunması qaydalarının pozulmasını aşkar etdikdə bu barədə rəy hazırlayır mülki aviasiyaya münasibətdə Agentliyə, dövlət aviasiyasına münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, aerodromun yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanlarına və bələdiyyəyə göndərir.

Aerodromyanı ərazidə maneə kimi təsbit edilən obyektlər Konvensiyaya uyğun işarələnməli və işıqlandırılmalı, maneələrin işıqlandırılmasına və işarələnməsinə isə aerodrom istismarçısı tərəfindən nəzarət təşkil edilməlidir.

Aerodromyanı ərazidəki tikinti obyektlərinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, habelə milli qanunvericiliyə uyğunsuzluğu aşkar edilərsə, onların sökülməsi və ya uyğunsuzluğun aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.2-ci maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 2.1.3-cü yarımbəndinə uyğun olaraq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə mülki aviasiyaya münasibətdə Agentliyə, dövlət aviasiyasına münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məlumat verilir.

Aerodrom istismarçısı aerodromyanı ərazidə təsərrüfat subyektləri ilə, habelə daşınmaz əmlakdan istifadə edən fiziki və hüquqi şəxslərlə uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı onların hüquqları və vəzifələri ilə əlaqədar maarifləndirici işlər aparmalı, habelə maraqlı tərəflərə hava limanının (aeroportun) və ya aerodromun fəaliyyətinin mümkün təsirləri haqqında məlumat verməlidir.

Hava limanının (aeroportun) və ya aerodromun fəaliyyətinə maneə yarada biləcək uyğunsuzluqlar barədə məlumatların fiziki və hüquqi şəxslər tərəfindən aerodrom istismarçısına çatdırılması üçün əlaqə vasitələrinin əlçatanlığı (telefon nömrələri, poçt və elektron poçt ünvanları və s.) aerodrom istismarçısı tərəfindən təmin edilir.