Afaq Bəşirqızının “Aktyorlar üçün qəbiristanlıq yaradılsın” təklifinə REAKSİYA

Xalq artisti Afaq Bəşirqızının “Aktyorlar üçün qəbiristanlıq yaradılsın, çünki incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa, Qurd qapısından, Xırdalandan xəbər gözləyirlər” təklifi teatr cameəsində birmənalı qarşılanmayıb.

Tanınımş aktyor Allahverdi Yolçuyev Yenicag.az-a açıqlamasında həmkarının təklifini dəstəkləyib:

“Ölüm ölümdür, dəfn dəfndir. İstəyir, okeana atsınlar, istəyir, dəfn etsinlər, bir fərq qoymuram. Amma dünya ölkələrində, məsələn, Rusiyada sənət adamları üçün xüsusi qəbiristanlıq var. Onların da sevənləri, pərəstişkarları dünyanın müxəlif ölkələrindən gələndə məhz həmin qəbiristanlığa gedirlər, sevdikləri sənətkarın məzarını ziyarət edirlər. Mən o vaxt təklif etmişdim ki, Xalq artistləri Rübabə Muradova, Əliağa Ağayevin məzar yerini dəyişib Fəxri Xiyabanda dəfn etsinlər. Çünki onlar dünyada sevilən sənətkarlardır. Onsuz da xalq öz sevimli sənətkarını gedib axtarıb tapacaq, ziyarətini də edəcək. Amma Afaq xanım düz deyir, bütün sənət adamları eyni məzarlıqda olsa, daha yaxşı olar. Ziyarətlərinə gedəndə də hamısına birdən dua oxuyarlar”.

Aktrisa Günəş Mehdizadənin reaksiyası isə tam fərqli olub:

“Mənim üçün absurd bir şeydir. Fikrimcə, öləndən sonra insanın harada dəfn olunmasının fərqi yoxdur. Düşüncəm tam fərqlidir belə məsələlərlə bağlı… Ona görə də mənim üçün önəmi yoxdur, aktyorlar üçün xüsusi yer ayrılsın, ya ayrılmasın. Əsas olan odur ki, hamıya torpağa tapşırılmaq nəsib olsun”.

Cəvahir