AFFA İntizam Komitəsi aşağı liqa və futzal çempionatlarında təhqirə yol verən şəxslərin cəzalarını açıqlayıb.
Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Gənclər Liqasında “Tufan” klubunun futbolçusu Ayaz Məmmədli “Neftçi” ilə görüşdə rəqibini təhqir etdiyi üçün 3 oyunluq cəzalanıb. Komandanın digər üzvü Eldar Hüseynli isə hakimə qarşı qeyri-etik ifadələrə görə 4 oyunluq cəzaya məruz qalıb.
U-17 Liqasında “Neftçi İK İB” klubunun oyunçusu Ayxan Racizadə “Sumqayıt”la dueldə hakimi təhqir edib və 3 oyunluq cəza alıb. U-14 Liqasında isə “Məqsəd Kursları” komandasında Süleyman Məmmədzadəyə eyni səbəbdən 2 oyunluq cəza kəsilib.
Futzal çempionatlarında da xoşagəlməz hal yaşanıb. “Standard”ın oyunçusu Birinci Liqada ADBTİA ilə görüşdə hakimi hədəfə alıb. O, nalayiq sözlərə görə 4 matçlıq cəzalanıb. İkinci Liqada “Zirvə Baku-2” klubunun üzvü Vüsal Nəsirov “Altay” ilə görüşdə referini təhqir etdiyi üçün eyni sayda oyunu buraxmalı olacaq.
AFFA İntizam Komitəsi həmçinin U-13 Qızlar Liqasında çıxış edən “Tərəqqi” (Samux) komandasına texniki məğlubiyyət verib. Buna “Kür” (Samux) ilə görüşdə komandanın heyətində yetərsay olmaması səbəb göstərilib.